Son dövrlərdə tikinti bazarında bir çox materialların qiymətində əhəmiyyətli bahalaşma müşahidə olunur. Xüsusilə, yay dövründə bu artım daha çox nəzərə çarpır. Qiymət artımı ən çox kosmetik tikinti materiallarında, o cümlədən divar kağızı, müxtəlif boyalar və aqlay kimi məhsullarda müşahidə edilir. Satıcılar bu bahalaşmanı müxtəlif səbəblərlə izah etsələr də, məsələyə iqtisadçı-ekspert Asif İbrahimov aydınlıq gətirib.
Ekspertin fikrincə, tikinti materiallarının qiymətində baş verən artımın əsas səbəbi idxal və istehsal zamanı çəkilən xərclərin artmasıdır:
“Bütün xidmət və məhsulların yekun qiyməti onların ərsəyə gəlməsində çəkilən xərclərin miqdarından asılıdır. Son dövrlərdə həm daxili, həm də xarici amillərə görə qiymətlərdə dəyişikliklər müşahidə olunur. Yerli istehsal olunan inşaat materiallarının xammalı əsasən xaricdən gətirilir, bu isə idxal prosesində qiymət artımı ilə nəticələnir. İdxal olunan materialların daşınması və saxlanması üçün çəkilən xərclər də artır, bu da yekun qiymətə təsir edir,” - deyə İbrahimov bildirib.
Ekspert əlavə edib ki, daşınma xərclərinin azalması tikinti materiallarının qiymətinə müsbət təsir göstərə bilər:
“Son vaxtlar yanacaq qiymətlərində artım müşahidə olunmağa başlayıb. Bu, xaricdən gətirilən materialların qiymətinə də təsir edir. Pandemiya sonrası tətbiq edilən yeni lisenziyalar, icazələr və yükdaşımalarında qiymət fərqləri də yekun məhsulun qiymətini artırır. Əgər ölkə daxilində daşınma xərcləri azaldılarsa, bu, tikinti materiallarının qiymət artımının qarşısını ala bilər,” - deyə İbrahimov qeyd edib.
Beləliklə, tikinti materiallarının bahalaşmasının səbəbləri təkcə daxili bazar şərtləri ilə bağlı deyil, həm də idxal və daşınma proseslərində baş verən iqtisadi dəyişikliklərlə əlaqədardır. Bu faktorlar nəzarət altına alınarsa, qiymət artımının qarşısı alına bilər.
© yenisabah.az