BİZNES

12 Avqust

Biznesin müflisləşməsi və sağlamlaşdırılması sahəsində yeni priorietlər müzakirə edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupu çərçivəsində aidiyyəti dövlət qurumlarının məqsədyönlü və koordinasiyalı fəaliyyəti nəticəsində sahibkarlıq subyektlərinin müflisləşməsi və sağlamlaşması sahəsində təşəbbüs olunan qanunvericilik və institusional islahatlar, əldə edilmiş nailiyyətlər ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması və beynəlxalq reytinqlərin yüksəlməsinə xidmət edir.

Finss.az xəbər verir ki, “Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası Ədliyyə Nazirliyinin inzibati binasında keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, İşçi qrupunun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı, Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Toğrul Hüseynov və nazirliyin digər məsul vəzifəli şəxsləri, eləcə də İqtisadiyyat Nazirliyi, həmin nazirlik yanında Dövlət Vergi Xidmətinin rəsmiləri iştirak edib.

İclasda “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə” Yol Xəritəsində nəzərdə tutulmuş fəaliyyətlərin icra vəziyyəti müzakirə olunub və görülmüş işlər üzrə dinlənilmələr aparılıb.

Qeyd edək ki, biznesin müflisləşməsi prosesinin müasir dövrün tələblərinə uyğun yeni mexanizmlər əsasında tənzimlənməsini təmin etmək məqsədilə ötən müddət ərzində İşçi qrupu tərəfindən beynəlxalq ekspertlər cəlb olunmaqla “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin ilkin variantı hazırlanıb.

Həmin qanun layihəsinin tərtib olunması işinin tamamlanması üçün Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəhbərliyi ilə Tematik qrup yaradılıb, tərkibi müəyyənləşdirilərək iş qrafiki təsdiq olunub. Həmin Tematik qrup tərəfindən biznesin müflisləşməsini, sahibkarlıq subyektlərinin sağlamlaşdırılmasını və müflisləşməsini tənzimləyəcək yeni qanun layihəsi ilə yanaşı, bu sahəyə dair digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi məsələsinin də müzakirə olunması nəzərdə tutulur.

Belə ki, iflas proseduru başlanılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların hüquqi şəxslərin dövlət reyestri və reyestrdə vergi ödəyicilərinin uçotunun aparılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarına dəyişikliklərə dair layihələr hazırlanıb.

Eyni zamanda, qeyd edək ki, İşçi qrupu tərəfindən İqtisadiyyat Nazirliyinin fəal iştirakı ilə BMT-nin Beynəlxalq Ticarət Qanunvericiliyi Komissiyasının tövsiyələri nəzərə alınmaqla mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilmiş iflas və sağlamlaşdırma prosedurlarının müəyyən edilməsi ilə əlaqədar araşdırmalar aparılıb.

Yol Xəritəsində nəzərdə tutulan insan kapitalının gücləndirilməsi fəaliyyəti üzrə Ədliyyə Akademiyası tərəfindən davamlı olaraq işlər görülür, kommersiya mübahisələrinə baxan hakimlər, hakimliyə namizədlər, bu növ işlərdə iştirak edən vəkillər və əmlak inzibatçıları üçün müflisləşmə və sağlamlaşdırma ilə bağlı təlimlərin təşkil olunması istiqamətində tədbirlər həyata keçirilir, zəruri tədris proqramları hazırlanır.

Bununla yanaşı, müflisləşmə və sağlamlaşdırma prosesinin rəqəmsallaşdırılması sahəsində işlər həyata keçirilərək “Elektron məhkəmə” informasiya sistemində hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə mövcud olan məlumatların dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edilməsi, habelə internet resurslarında bu sahədə çıxarılmış qərarların və müvafiq hesabat növünün ayrıca dərci imkanı yaradılıb.

Hazırda müflisləşmə sisteminin təkmilləşdirilməsi üzrə görülmüş işlər və bu sahədə olan beynəlxalq tələblər barədə kommunikasiya və maarifləndirmə tədbirlərinin davam etdirilməsi üçün intensiv müzakirələr aparılır.

İşçi qrup qeyd olunan sahə ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.

Məlumat üçün qeyd edək ki, “Biznesin müflisləşməsi” işçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

(Əlaqələndirici şəxs: İşçi qrupun katibi – Səmral Kazımlı, tel: 510-10-01, daxili: 1132, e-mail: [email protected]).