Heç kimə sirr deyil ki, fəaliyyətə yenicə başlamış sahibkarlar üçün mühasibat uçotunun təşkili və hesabatlılığın düzgün aparılması problemlər yaradır. Bu zaman köməyə biznesin idarə edilməsini asanlaşdıran autsors xidməti gəlir. Autsorsinq bütövlükdə müəssisənin səmərəliliyini artırmaq,yeni sahələri inkişaf etdirmək maliyyə və insan resurslarından istifadə etməyə imkan verir.
Bu barədə iqtisadçı, biznes və maliyyə üzrə mütəxəssis Orxan Məmmədzadə Finss.az-a açıqlama verib.
Son illərdə Azərbaycanda biznes sferasında autsors anlayışının inkişaf etdiyini bildirən mütəxəssis deyib ki, bu sistemin tətbiqi müəssisədə biznes proseslərin inkişafına müsbət təsir göstərir:
“Autsors anlayışı hər hansı bir işin icraatını kənar tərəfə yönləndirmək mənasını daşıyır. Maliyyə autsorsu deyildiyi təqdirdə mühasibatlıq və maliyyə uçotunun kənar tərəfə yönəldilməsi nəzərdə tutulur. Əvvəllər hər kəs işini tam olaraq öz öhdəliyi kimi icra etməyə çalışırdı. Daha sonra şirkətlər qərbin biznes idarəetməsi nümunələrindən biri - başqa şirkətə autsors etmək kimi üsullardan istifadə etməyə başladılar. Autsors həmişə bütün hallarda biznesin idarəetməsi zamanı göstərdiyin xidmətin və işin keyfiyyətinin ölçülməsi üçün istəkləri tam olaraq təmin etmir. Hər biznesin özünəməxsus yanaşması olduğu üçün autsors xidməti göstərildiyi təqdirdə o istəyi tam təmin etməyi bacarmalısan. Dünyanın qabaqcıl şirkətlərinin təcrübəsinə əsaslanaraq demək olar ki, mürəkkəb, çoxməqsədli, çoxaspektli və dinamik bir biznes modeli kimi autsorsinq - müəssisələrdə fəaliyyətin effektiv idarə edilməsini, məhsulların keyfiyyətinin yaxşılaşdırılmasını və bütövlükdə, xərclərin azaldılmasına kömək edə bilər”.
Ölkədə bununla bağlı vəziyyəti qiymətləndirən Orxan Məmmədzadə bildirib ki, Azərbaycanda maliyyə və mühasibatlıq autsorsu deyildiyi təqdirdə sahibkarlarda vergi hesabatlarının, bəyannamələrinin tərtib olunması və bununla əlaqədar olan problemlərin çözülməsi kimi fikir formalaşır.
İqtisadçı deyir ki, maliyyə autsorsu və konsaltinqi tək vergi bəyannamələrinin tərtib olunub göndərilməsi ilə məhdudlaşmamalı, dünyada bu sahədə olan maliyyə təcrübəsindən də düzgün şəkildə yararlanmağı bacarmalıdır:
“Maliyyə autsorsun düzgün təmin olunması gələcəkdə sahibkarları risklərdən maksimum qorumağa müvəffəq ola bilər.
Azərbaycanda maliyyə konsaltinq xidməti göstərən beynəlxalq səviyyəli şirkətlər olsa da, təəssüf ki, yerli şirkətlər arasında keyfiyyətli, sahibkarın bütün istəklərini təmin edə bilənlər azdır. Bildiyiniz kimi, sahibkarları ən çox narahat edən məsələlərdən biri də vergi ilə bağlıdır. Ona görə də onların maliyyə uçotunun düzgün tərtib olunması qaydaları ilə tanış olub maariflənməsi bizneslərinin inkişafına daha müsbət təsir göstərəcək. Təcrübədə tez- tez rastlaşdığımız problemlərdən biri də maliyyənin səhv istiqamətlənməsi nəticəsində biznes çökməsi ilə bağlıdır. Nümunə olaraq, uzun müddət fəaliyyət göstərib, amma maliyyə sisteminin düzgün tərtib olunması sahəsində səhv təhlil edən şirkətləri göstərə bilərik. Bu halda sahibkar şirkətinin cari satışını və dövriyyəsini nəzərdən keçirərək şirkətinin müvəffəq olmasını qəbul etmiş olur. Lakin cari dövrdə yüksək satış və əsaslı dövriyyənin təmin olunması heç də şirkətin tam müvəffəq olmasının göstəricisi kimi nəzərdən keçirilmir. Bu göstəricilərin təmin olunması üçün mütləq maliyyə nəticələri illər üzrə müqayisə olunub maliyyə təhlili tətbiq olunmalıdır".
Azərbaycanda maliyyə və mühasibatlıq sahəsində inkişafı qabardan O.Məmmədzadə onu da qeyd edib ki, son zamanlar dövlət tərəfindən bu istiqamətdə mühüm addımlar atılıb:
“Lakin son zamanlar dövlət tərəfindən tətbiq olunan baş mühasib səviyyəsində məcburi şəkildə PMS imtahanlarının təşkil olunması mühasibləri həm maliyyə, həm vergi uçotu üzrə ixtisaslaşmasına gətirib çıxarıb.Bu çox sevindirici haldır. Düşünürəm ki, maliyyə sahəsində ixtisaslaşmış şəxslər həm maliyyə, həm vergi uçotu üzrə yetəri qədər biliyə və savada malik olmalı, dünyada bu sahədə mövcud yenilikləri izləməlidir. Bu halda onlar daha da peşəkar formada fəaliyyətlərini davam etdirə bilərlər”.