BİZNES

07 Avqust

Azərbaycanın investisiya məkanı dünyaya açıqdır

Son 5 ildə milli iqtisadiyyata yatırılan xarici sərmayə 26,5 milyard dollara çatıb

Media Təhlil Mərkəzinin (MTM) rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, son 5 ildə xarici ölkələrdən Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 26,53 milyard dollar təşkil edib. Bu məbləğin 48,7 faizi son 2 ildə yatırılan birbaşa xarici investisiyaların payına düşüb.

Təhlildə qeyd edilib ki, 2022-ci ildə ölkə iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 30,9 faiz artaraq 6,3 milyard dollara çatmışdısa, ötən il bu rəqəm 2022-ci il ilə müqayisədə 6,1 faiz artaraq 6,66 milyard dollar təşkil edib. Buna səbəb Vətən müharibəsi dövrünün sona çatması, düşməndən təmizlənən ərazilərin təhlükəsizliyinin qorunması və həmin torpaqlara yeni investisiyaların cəlb olunmasıdır.

Aparılan təhlilə əsasən, Birləşmiş Krallıq 5 ildir ki, Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların siyahısına liderlik edir. Bu ölkə keçən il    respublika iqtisadiyyatına 1,86 milyard dollar investisiya qoyub.

Hesabat dövründə respublikamıza ən çox investisiya yatıran ikinci dövlət  Türkiyə olub. Qardaş ölkədən cəlb olunan birbaşa investisiyaların həcmi 2023-cü ildə 1,3 milyard dollar təşkil edib. Həmin il ilk üçlüyü 791,6 milyon dollar investisiya həcmi ilə Kipr tamamlayıb.

Şimal qonşumuz Rusiyadan ölkəmizə 617,4 milyon dollar, dünyanın əsas iqtisadi gücü olan ABŞ-dan isə cəmi 171,9 milyon dollar birbaşa investisiya cəlb edilib.

Media Təhlil Mərkəzinin araşdırmasında bildirilir ki, Azərbaycan və Gürcüstanın mərkəzi banklarının, Ermənistanın isə Dövlət Statistika Komitəsinin 2023-cü il üçün açıqladığı rəsmi rəqəmlərə görə, bu dövrdə iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcminə görə, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında böyük fərqlə lider olub. Ötən il Azərbaycanın iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların həcmi 6,66 milyard dollar, Gürcüstana cəlb olunan investisiyaların həcmi 1,6 milyard dollar təşkil edib. Yəni 2023-cü ildə Azərbaycana cəlb edilən xarici investisiyaların həcmi qonşu ölkə ilə müqayisədə 4,2 dəfə çox olub.

Ermənistana isə ötən il cəmi 502,7 milyon dollar xarici investisiya yatırılıb və ölkə Gürcüstandan 3,2 dəfə, Azərbaycandan isə 13,2 dəfə geri qalıb.

2023-cü ildə Azərbaycandan Gürcüstanın iqtisadiyyatına birbaşa yatırılan investisiyanın həcmi 87,2 milyon dollar təşkil edib. Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyasının həcmi isə 39,6 milyon dollar olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadənin bildirdiyinə görə,  bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq 1,5 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu dövrdə  birbaşa xarici investisiyaların ÜDM-ə nisbəti 8,8 faiz, qeyri-neft-qaz birbaşa xarici investisiyaların qeyri-neft-qaz ÜDM-ə nisbəti isə 1,7 faiz təşkil edib.  

Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyanın 12,4 faizi qeyri-neft-qaz sektorunun payına düşür. I rübdə ölkəmizə ən çox birbaşa xarici investisiyanı Böyük Krallıq (443,2 milyon ABŞ dolları), Türkiyə (261,4 milyon ABŞ dolları), BƏƏ (190,7 milyon ABŞ dolları) yatırıb.

Göründüyü kimi, ölkəmizə xarici sərmayə yatırımı davamlı olaraq artır. Bu, Böyük Britaniyanın “FDI Intelligence” nəşrinin 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100 reytinqində də aydın nəzərə çarpır.  Həmin reytinq sıralamasında Bakı 3-cü yerdə qərarlaşır.

Nəşrin qeyd etdiyinə görə, Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sərmayə qoyulacağına dair saziş imzalanması da bunun bariz ifadəsidir.  

Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı diqqət çəkən göstəricilər barədə rəy bildirən ekspertlər vurğulayırlar ki, respublikamız dünya miqyasında investisiya üçün cəlbedici dövlət statusunu gündən-günə gücləndirir. Ölkədə yaradılan siyasi - iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin uğurla həyata keçirilməsini gerçəkləşdirir. Başqa sözlə, respublikada biznes mühitinin ardıcıl optimallaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni çağırışlara uyğun qərarların qəbul edilməsi davamlı birbaşa xarici investisiya qoyuluşunu şərtləndirir.  

Azərbaycan hökuməti ölkənin investisiya cəlbediciliyini artırmaq üçün islahatlar çərçivəsində institusional bazanı daim optimallaşdırır. Belə ki, dövlətə məxsus şirkət və müəssisələrin, habelə dövlət payına malik sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.

Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.  

“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərir. Adı çəkilən Yol Xəritəsinin müvafiq hədəflərini reallaşdırmaqla  biznes mühitinin səmərəliliyinin artırılması istiqamətində orta müddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiqini, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsini, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsini gerçəkləşdirir.  

Azərbaycanın bir sıra regional və qlobal layihələrdə sərmayədar kimi indiki  rolu isə onu mühüm geosiyasi oyunçuya, eləcə də beynəlxalq imicə malik bir ölkəyə çevirib. Respublikamızın bir sıra regional və qlobal layihələrdə investor  kimi iştirak etməsi onu mühüm geosiyasi oyunçuya çevirib. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri də daxil olmaqla 4 layihədə iştirakı səmərəliliyi ilə fərqlənib.   

Bundan əlavə, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və ölkəmizin bu təşəbbüslərdə fəaliyyəti yüksək dəyərləndirilən Şahdəniz-2, Cənub Qaz Dəhlizi, TANAP və TAP  bir müddət əvvəl uğurla tamamlanıb. Əsas investor kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici iqtisadiyyata investisiyaların həcminə görə, MDB məkanının aparıcı dövlətlərindən biri kimi qeydə alınıb. Dünyanın aparıcı iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarına görə, ölkəmiz regionun coğrafi investisiya mərkəzinə çevrilib.

Hazırda rəsmi Bakı işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparır, bir sıra ölkələr ərazilərin bərpasında və infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir.