BİZNES

28 İyul

AFAQ qadın sahibkarların böyük dəstəkçisidir

Bu gün vacib məsələlərdən biri kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda fəal iştirak etmələridir. Odur ki, Azərbaycanda əhalinin dörddəbirini təşkil edən kənd qadınlarının sosial və iqtisadi  həyatda iştirakına dövlət tərəfindən böyük önəm verilir. Kənd təsərrüfatında çalışan çoxlu sayda sahibkar qadın var ki,  onlar öhdələrinə götürdükləri işin ağırlığını və məsuliyyətini ağılla dərk edib, yüksək nəticə əldə edirlər.

Hazırda kənd qadınlarının təsərrüfat sahibi olması üçün imkanlar genişdir. Çünki hər ailənin pay torpağı var. Ancaq bu, yetərli olmadığı üçün zaman-zaman birgə fermer təsərrüfatları qurmağa ehtiyac yaranır. Əgər 5-6 nəfər fermer qadın birlikdə təsərrüfatlarını birləşdirərsə, kommunal xərclər də bölünər. Nəticədə təsərrüfat sahibi olmaq istəyən qadınların qarşısındakı problemlərdən biri azalar. Belə olan halda onların özünə inam hissi formalaşır. Qadın fermer əkdiyi məhsulu bazarda normal qiymətə sata bilmirsə, təbii ki, gördüyü işə marağı azalır. Nə yaxşı ki indi yerlərdə ayrı-ayrı qadınların liderlik bacarığı bu məsələni müsbət həll edir, yaradılan  birgə təsərrüfatlar  böyük fayda verir. Vaxt var idi yerlərdə qadın fermerlərin inkişafına mane olan əngəlləri aşmaq çətin idi. Onların ehtiyaclarına və problemlərinə cavab verən proqramlar, layihələr yox idi. Kənd məsləhət xidmətləri qadınların tələbatına çox hallarda adekvat cavab vermirdi.  Bu da ərzaq təhlükəsizliyinin təmin edilməsinə və qida ehtiyaclarının ödənilməsinə mənfi təsir edirdi. Amma indi bu cür neqativ hallar demək olar ki, aradan qaldırılıb,  xanım fermerlərin aça bilməyəcəyi düyün yoxdur.

Azərbaycanda  qadınların 25,4 faizi kənd təsərrüfatında çalışır. Aqrar sahədə çalışan qadınların qlobal səviyyədə çəkisinin artması müşahidə olunur. Kənd yerlərində məşğulluğun artırılması məqsədilə şirniyyat evi, təndir, xalçatoxuma sexi, inkubator kimi biznesə maraq göstərilsə də, qadınlar kənd təsərrüfatının pambıqçılıq, bağçılıq, tərəvəzçilik, xüsusilə də  istixanalarda tərəvəz yetişdirmək kimi sahələrində özlərini sahibkar kimi sınamağa başlayıblar. Qnlara bu məsələdə kömək olan, maddi və mənəvi dəstək göstərən  bəzi qurumlar xüsusi layihələr hazırlayıb təqdim edirlər. 2019-cu ildə Dövlət Aqrar Ticarət Şirkəti  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) ilə birgə "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsinə başladı. Bu layihədə FAO-nun məqsədi aqrar sahədə qadınların məşğulluğunu və informasiya, resurs imkanlarını artırmaq, eləcə də  satış bazarlarına çıxışını asanlaşdırmaq, bununla da qadınların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına dəstək olmaqdır. Kənd təsərrüfatı sahəsində öz biznesini quracaq qadın sahibkarların formalaşdırılması, onların marketinq və satış sahəsində biliklərinin artırılması, qadınlar üçün kiçik istehsal müəssisələri və istixanaların yaradılması da AFAQ layihəsinə daxildir.  Bu qurum qadın sahibkarların sayının artırılmasına, həm özlərinin, həm də ailələrinin və kənd icmalarının sosial rifahının yaxşılaşmasına,  qadınlardan ibarət fermer qruplarının yaradılmasına, təbii ehtiyatlardan səmərəli istifadə etmək üçün  ətraf mühitin qorunmasına imkan verir.  AFAQ-a qoşulan qadın fermerlər peşəkar mütəxəssislərdən faydalı məsləhətlər əldə etməklə öz təsərrüfatlarını yarada və ya inkişaf etdirə bilərlər, üstəlik də layihəyə qoşulan qadın fermerlər digər AFAQ-çılarla bilik və təcrübə mübadiləsi etmək imkanı qazanırlar. Bu "qazanc"da əlbəttə ki, dövlətin rolu yetərincədir. Ölkədə bu istiqamətdə həyata keçirilən çoxsaylı layihələr demək olar ki, öz müsbət nəticəsini verməkdədir. Onlardan  yalnız birini yazmaqla fikrimizi təsdiq etmiş oluruq. 

Bu günlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "PAŞA Holding"in dəstəyi ilə həyata keçirilən "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" layihəsi çərçivəsində Tovuz rayonunda "Qərb yenilikləri" kooperativinə dəstək göstərilib. Kooperativdə 25 qadın fermerin kartof əkdikləri ərazi çiləmə üsulu ilə suvarma sistemi və 360 metr su borusu ilə təmin edilib. Həmçinin kənd təsərrüfatının fərqli istiqamətlərində inkişaf perspektivləri nəzərə alınaraq qadın fermerlər üçün quşçuluq sahəsinə aid təlimlər də təşkil edilib. Təlimlərdə fermerlər yumurta istehsalı istiqamətində təsərrüfatın qurulması və inkişaf etdirilməsi, eləcə də toyuq xəstəliklərinə qarşı mübarizə tədbirləri və digər mövzular barədə faydalı məlumatlar əldə ediblər.

Qeyd edək ki, bu günədək AFAQ layihəsi çərçivəsində 556 fermerə kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə isə 25 region üzrə 258 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

Həyata keçirilən bu kimi işlər sübut edir ki, Azərbaycanın dayanıqlı inkişafında qadın fermerlərin sayının daha da artması üçün potensial böyükdür. Onlar Azərbaycanın əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və dövlət dəstəyi mexanizmlərindən faydalanmaqla aqrar sahənin inkişafına, bütövlükdə iqtisadiyyatımıza, məşğulluğun təmin olunmasına daha çox töhfə verirlər.