“Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.
“Fitch Ratings” reytinq agentliyinin bu barədə məlumatına görə, yüksəliş ölkənin güclü xarici balans hesabatını, davam edən cari hesab və fiskal profisitlərini, azalan xarici valyuta həssaslığını, aşağı dövlət borcunu, habelə inkişafda olan monetar siyasəti əks etdirir.
Agentliyin xəbərinə əsasən, illik inflyasiya 2024-cü ilin birinci yarısında Mərkəzi Bankın 4 faizlik hədəf diapazonundan aşağı qalıb və bu il 3,5 faiz səviyyəsində olacağı, 2026-cı ilə qədər isə 4,7 faizə yüksələcəyi gözlənilir. Bundan başqa ölkə iqtisadiyyatının 3,2 faizə qədər bərpa olunacağı, lakin gələn il 2,7 faizə, 2026-cı ildə isə 2,3 faizə qədər yavaşlayacağı proqnozlaşdırılır.
“Eyni zamanda, neft sektorunun geriləməsi əvvəlki illərə nisbətən azalacaq, bu da azalma tempini yavaşlada biləcək yeni neft hasilatı və daha yüksək təbii qaz hasilatı ilə əlaqədardır”, – agentlik vurğulayıb.
Yeri gəlmişkən, Maliyyə Nazirliyi “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir.
Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilib. “Səkkiz ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür”, – açıqlamada qeyd olunub.
Bildirilib ki, dövlət qurumu “əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reytinq agentliklərini ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı”.
“Sevindirici haldır ki, artıq “Fiç Reytingz” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul etmişdir. Ümidvarıq ki, digər beynəlxalq kredit reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər”, – Maliyyə Nazirliyinin açıqlamasında diqqətə çatdırılıb.
Xatırladaq ki, “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.
Yuxarıda qeyd edilənlərə əsaslanıb deyə bilərik ki, uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Ölkəmizin maliyyə imkanları tarixi maksimuma çatlıb. Respublikamız Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.
Ötən illər ərzində iqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşdirilib. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli şəkildə yüksəlib, yoxsulluq səviyyəsi xeyli azalıb.
Bu müddətdə regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmləndirən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri qovşağına çevrilib. Beləliklə, Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir dövlət, dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib.
“Fitch Ratings” kimi nüfuzlu beynəlxalq agentliyin Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirməsi haqqında danışarkən isə xatırlatmaq lazımdır ki, reytinq ölkəmizin çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənib.
Azərbaycanın xarici dövlət borcunun davamlı olaraq azaldılması isə dövlətin beynəlxalq maliyyə institutlarından asılılığının minimuma enməsinə gətirib çıxarıb. Xarici borc əsasən dövlət istiqraz emissiyası vasitəsilə aşağı salınıb.
Respublikamızda istiqraz bazarı son illər sürətlə inkişaf etməkdədir və dövlətin bazarı stimullaşdırmaq üçün atdığı əhəmiyyətli addımlar əhalinin vəsaitlərini bu yöndə investisiya etməsinə imkan yaradır. Xarici dövlət borcunun Maliyyə Nazirliyinin istiqrazları vasitəsilə azaldılması da dövlət istiqrazları bazarına müsbət təsir göstərir. Fiziki şəxslərin bank depozitlərinin faiz gəlirlərinin vergiyə cəlb olunması isə əmanətçiləri bu bazara yatırım etməyə həvəsləndirir. Çünki dövlət istiqrazlarının faiz gəlirləri vergidən azaddır. Bank əmanətinə alternativ maliyyə aləti olan istiqrazların bir çox üstün konturları da var. Bank əmanəti vaxtından əvvəl götürülən zaman yığılan faizlər əmanətçiyə verilmir, lakin dövlət istiqrazlarına vəsaitini yerləşdirən əmanətçilər pullarını istədikləri vaxt yığılan vəsaitlə birlikdə geri götürə bilirlər.
Son illər ölkəmizin daxili və xarici dövlət borcunun idarə edilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb. Bundan sonra da həmin sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilməsi də məhz bu məqsəddən irəli gəlib.
Xatırladaq ki, Maliyyə Nazirliyinin məlumatına görə, bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 696,65 milyon manat olub. Borcun 16 milyard 571,9 milyon manatı daxili dövlət borcu, 5 milyard 367,5 milyon ABŞ dolları və yaxud 9 milyard 124,75 milyon manatı isə xarici dövlət borcudur.
“Daxili dövlət borcalmasının artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun ortamüddətli və uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 17 milyard manata yaxınlaşıb”, – deyə məlumatda qeyd olunub.