Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasını fəal şəkildə dəstəkləyən Azərbaycan həm də ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir.
Azərbaycanın nəqliyyat tranzit potensialından istifadə edilməsinin vaxt və maliyyə baxımından daha sərfəli olduğu layihələrdən biri də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (Orta Dəhliz).
Çin və Avropa arasında yükdaşımalarında Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi sayılan bu layihə dünyanın bir sıra ölkələri tərəfindən yüksək qiymətləndirilir.
Bu barədə iqtisadçı, biznes və maliyyə üzrə mütəxəssis Orxan Məmmədzadə Fins.az-ın suallarını cavablandırıb:
- Orxan bəy, Orta Dəhliz layihəsinin əhəmiyyətini necə izah edərdiniz?
- Orta Dəhliz Avropa ilə Asiya arasında strateji nəqliyyat koridoru olmaqla bərabər, həm bölgənin, həm də qlobal ticarəti dəstəkləyən mühüm layihədir. Orta Dəhlizin əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır.
2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan bu layihə sonrakı illərdə daha da genişlənib. Hazırda Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut hesab olunur.
BMT-nin Avropa üzrə iqtisadi komisiyasının icra katibi Olqa Aleqyerova, Bakıda Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu "Bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi barədə çoxtərəfli görüşdə bildirmişdi ki, Avropa İttifaqına daxil olan bütün dövlətlər Orta Dəhlizin tez bir zamanda formalaşmasını dəstəkləyirlər. Asiya ölkələrinin bu layihəni dəstəkləməsi də səbəbsiz deyil. Ümumiyyətlə, son dövrlərdə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə bağlıdır.
- Qeyd etdiyiniz kimi, Orta Dəhliz bütün region ölkələrini birləşdirən əsas layihə kimi diqqət mərkəzindədir. Hazırda dəhlizə daha çox yük cəlb edilməsi üçün hansı çağırışlar edilə bilər?
- Ümumiyyətlə, Orta Dəhlizlə bağlı vacib məsələlərdən biri də həm Xəzər, həm də Qara dənizdə limanların, eləcə də Xəzərdə gəmiçilik xidmətlərinin gücləndirilməsi ilə bağlıdır. Düşünürəm ki, Xəzərdə istifadə edilən gəmilərin sayını, hərəkət sürətini artırmaq, daha cəlbedici daşınma tarifləri təklifi vacibdir. Orta Dəhlizlə bağlı digər istiqamət dəmiryol infrastrukturu ilə bağlıdır.
Dəhliz daha çox dəmiryol üzərindən olduğu üçün həmin avadanlıqların müasirləşdirilməsi, mövcud tələblərə uyğunlaşdırılması həm xərclərin azalmasına kömək edəcək, həm də səmərəli əməliyyat prosesi formalaşdıracaq.
- Bakı-Tibilisi-Qars dəmir yolu xətti də Orta Dəhlizin vacib elementlərindən sayılır. Necə düşünürsünüz, Orta Dəhlizə həm də Zəngəzur dəhlizin inteqrasiya edilməsi hansı imkanlar yaradacaq?
- Bildiyiniz kimi, Orta Dəhlizin vacib elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycan dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Bu, yolun illik yükötürmə qabiliyyətini 1 milyon tondan 5 milyon tona yüksəldəcək.Nəticədə, Dəhliz vasitəsi ilə daha çox yükün daşımaq imkanları genişlənəcək.
Qeyd etdiyiniz kimi, Zəngəzur dəhlizi Orta Dəhlizə inteqrasiya ediləcək layihələrdən hesab edilir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər.
Ümumiyyətlə, 2030-cu ilə qədər Orta dəhlizlə daşınma həcmi 3 dəfə arta, daşınma müddəti 2 dəfə azala bilər.
Qeyd edim ki, Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə hazırdır. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır.