BİZNES

11 İyul

Azərbaycanda I Milli Rəqabət Forumu keçirilir

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə ölkədə ilk dəfə Milli Rəqabət Forumu keçirilir.

Fins.az xəbər verir ki, tədbirdə millət vəkilləri, məhkəmə orqanlarının nümayəndələri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri, Vəkillər Kollegiyasının üzvləri, ali təhsil müəssisələrinin nümayəndələri və digər maraqlı tərəflər iştirak edirlər.

Forum ölkədə rəqabət sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar, rəqabətədavamlı iqtisadiyyatın inkişafı, o cümlədən rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları və hüquqi alətlər ətrafında müzakirələrin aparılması məqsədilə təşkil olunub.

Forum çərçivəsində ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının əsas istiqamətlərdən biri kimi müəyyən olunması diqqətə çatdırılır. Bu xüsusda, cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş Rəqabət Məcəlləsinin ölkəmizin sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşmasına xidmət edən islahatlar sırasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır.

Qeyd olunur ki, yeni qanunvericilik aləti rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq, bazar mühitinin sağlam şəraitdə fəaliyyətini təmin etmək və istehlakçıların faydasını artırmaq üçün effektiv təsir imkanlarına malikdir. Məcəllənin tətbiqinin əhalinin sosial rifahının əsas elementləri olan iqtisadi artım və iqtisadi inkişafın təməlində dayanan azad rəqabətin formalaşması və bazarda çoxiştirakçılığın təmin olunmasına töhfə verəcəyi bildirilir.

Bundan əlavə, müxtəlif iqtisadi sektorlar, əmtəə və xidmət bazarlarında rəqabət problemlərinə dair yeni qanunvericilikdə genişlənən mexanizmlər barədə məlumat verilir. Həmçinin rəqabət tənzimləmələrinin sahibkar təbəqəsinin genişlənməsi, kiçik və orta biznes subyektlərinin bazara girişinin asanlaşdırılması, investisiya cəlbinin və iqtisadi fəaliyyətin dayanıqlılığının artırılmasına faydalarından söz açılır.

Rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulu, emalı və çevik sənəd mübadiləsinin elektron qaydada əlçatanlığını təmin etmək üçün yaxın gələcəkdə yaradılması nəzərdə tutulan Elektron Rəqabət İnformasiya Sisteminin önəmi qeyd olunur.

Panel müzakirələri zamanı rəqabət siyasətinin iqtisadi inkişafa töhfəsi, rəqabət mədəniyyətinin formalaşması, rəqabət orqanının müasir çağırışlar fonunda rolu, işğaldan azad edilmiş ərazilərdə rəqabət siyasətinin tətbiqi xüsusiyyətləri, bazar subyektlərinin Rəqabət Məcəlləsinin tətbiqindən gözləntiləri, yeni rəqabət qanunvericiliyin sahibkarlara verdiyi imkanlar, vəkillərin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı addımlar, elm və təhsil müəssisələrinin rəqabət siyasətinin icrasında rolu və rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət tədbirləri ətrafında fikir mübadiləsi aparılır.

Fuad Mədətov
Fins.az