BİZNES

11 İyul

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 778 minə çatıb - Anar Axundov

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 778 minə çatıb və bunun da əsas hissəsi kiçik və orta sahibkarlıq subyektləridir.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.

A.Axundov qeyd edib ki, Azərbaycanda iyulun 1-dən Rəqabət Məcəlləsinin tətbiqi dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləyəcək, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə əlavə imkanlar açacaq:

"Qanunun tətbiqi ilə bazar iştirakçılarının sayı artacaq, yerli təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi yüksələcək, innovasiya fəaliyyətinin, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək.

Beynəlxalq təcrübə əsasında hazırlanmış Məcəllənin tətbiqi müxtəlif sektor və bazarlarda effektiv tənzimləmə imkanlarını genişləndirəcək. Nəticədə sahibkarlar üçün əlverişli işgüzar mühit formalaşacaq. Rəqabətin təmin olunması ilə birlikdə investisiya cəlbediciliyinin artmasından irəli gələn yeni sərmayə qoyuluşları son nəticədə yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.Rəqabət Məcəlləsi kiçik və orta biznes subyektlərinin inkişafının təmin edilməsi, onların bazara girişinin asanlaşdırılması üçün geniş tənzimləmə mexanizmlərini əhatə edir".

Fuad Mədətov
Fins.az