Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 18-20 iyul tarixlərində Şəki şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.
Fins.az xəbər verir ki, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyulun 15-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: //smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şəki” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını artırmaqdır. Yarmarka həmçinin həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin, sənətkarların və yaradıcı şəxslərin məhsullarının satışına dəstək olmağı, istehsalçı və təchizatçı şirkətləri bir platformada toplamaqla onlar arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaqdır.
Fuad Mədətov
Fins.az