“Kapital Bank” ASC-nin baş sponsorluğu ilə 23 iyul tarixində Azərbaycanda baş tutacaq “iFest” İnnovasiya və Texnologiya Festivalının mətbuat konfransı baş tutub.
Fins.az xəbər verir ki, konfransda 23 iyul tarixində keçiriləcək layihə ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb.
40-a yaxın media qurumunun iştirak etdiyi mətbuat konfransında açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) PR və Media komitəsinin sədri Dilşad Musa edib.
Daha sonra tədbirin ev sahibi Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərovaya söz verilib. O öz çıxışında layihə haqqında ətraflı məlumat verib və bildirib ki, festival KOBSKA-nın təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə keçiriləcək. Nigar xanım layihə çərçivəsində görüləcək işlərdən ətraflı bəhs edib, layihənin əsas məqsədinin texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirmək olduğu bildirib. O qeyd edib ki, festival müddətində müxtəlif tədbirlər; startap təqdimatları (Pitching), investor görüşləri, “Startap Forumu”nun təqdimatı, texnologiya şirkətlərinin və startapların sərgisi, həmçinin texnoloji şou və konsert proqramları keçiriləcəkdir. Festivalda texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər, həmçinin MVP mərhələsinə çatmış startaplar iştirakçı olaraq öz stendləri ilə birgə təmsil olunacaqlar. Bununla yanaşı, yerli və xarici vençur fondları və mələk investorları da festivalda öz yerini alacaq. Foruma Rusiya, Qazaxıstan, Özbəkistan və Türkiyədən
investorların və iştirakçılar cəlb olunacaqdır.
Verilən məlumata əsasən ölkəmizin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, bu il iFest COP29-a həsr olunacaq, “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı ilə həyata keçiriləcəkdir.
Mətbuat konfransının sonunda çıxışçılar media nümayəndələrini festivalın işqlandırılmasında fəal olmağa və birgə əməkdaşlığın daha sıx qurulmasına dəvət edib.
Xatırladaq ki, “iFest” İnnovasiya və Texnologiya Festivalı 23 iyul saat 09:00 tarixində Baku Marriott Boulevard Hotel-də keçiriləcək.
Fuad Mədətov
Fins.az