“Zəyəm Texnologiyalar Parkı” ASC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
İqtisadiyyat.az xəbər verir ki, ASC növbəti dəfə ili xalis zərərlə bitirib.
Belə ki, Park 2023-cü ili 1,72 milyon manat zərərlə bitirib ki, bu da 2022-ci ilə nisbətən 10% azdır. Şirkət 2022-ci il üzrə 1,91 milyon manat xalis zərər açıqlamışdı.
“Zəyəm Texnologiyalar Parkı”nın ötən il əsas əməliyyat gəlirləri 7,9 milyon manat, satışın maya dəyəri (7,09 milyon manat) çıxıldıqdan sonra ümumi mənfəəti 847,2 min manat təşkil edib. Bu isə 2022-ci ilə nisbətən 31% çox olub. Bununla belə, şirkət inzibati xərclərini 2022-ci ildəki 805,1 min manatdan 1,24 milyon manata kimi artırıb. Nəticədə əməliyyat zərəri 2022-ci ilə nisbətən 2 dəfə artaraq 548,8 min manata yüksəlib.
Ümumilikdə şirkətin bölüşdürülməmiş zərəri 19,7 milyon manatdan 21,4 milyon manata yüksəlib.
Park ötən il kiçilib. Belə ki, cəmi aktivləri 23,1 milyon manatdan 22,9 milyon manata, cəmi kapitalı isə 9,9 milyon manatdan 8,2 milyon manata enib. Cəmi öhdəlikləri isə əksinə, 13,2 milyon manatdan 14,7 milyon manata kimi artıb.
Qeyd edək ki, Zəyəm Texnologiyalar parkının əsası 1962-ci ildə qoyulub və "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialı kimi fəaliyyətə başlayıb. Park müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri, metal körpü estakadalar, konteynerlər, silolar, çənlər, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif tipli sənaye qəliblər, kənd təsərrüfat aqreqatları, bina, tunel, yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar, ekskavatorlar, qreyderlər, buldozerlər) ehtiyat hissələri (vallar, oxlar, dişli çarxlar, muftalar, oymaqlar) və s. istehsal edir.
ASC-nin nizamnamə kapitalı 18 305 246 manatdır.