BİZNES

24 İyun

Müştərilərin maliyyələşmə prosesini asanlaşdıran yeni mobil tətbiq hazırlanıb

Bu yaxınlarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə verilən “Startap” şəhadətnamələrindən biri də "Money Tunnel" MMC-yə təqdim edilib. Şirkətin təsisçisi və direktoru Fuad Tağıyev şəhadətnaməni maliyyə təşkilatları ilə müştəriləri əlaqələndirən mobil tətbiqə görə alıb.

F.Tağıyevin “vergiler.az”a verdiyi məlumata görə, “Money Tunnel” ölkədə maliyyə resurslarına ehtiyacı olan fiziki və hüquqi şəxsləri maliyyə qurumları ilə vahid məkanda birləşdirən bir platformadır. MMC yalnız banklarla deyil, eləcə də bank olmayan kredit təşkilatları, lizinq şirkətləri və lombardlarla əməkdaşlıq edir. Platforma istifadəçilər və maliyyə təşkilatları arasında rahat, fasiləsiz əlaqə yaradır, müştəri məlumatlarının maliyyə təşkilatları ilə paylaşılmasını təmin edir: “Biz istifadəçilər və maliyyə təşkilatları arasında bir körpü rolunu oynayırıq. İstifadəçi platforma üzərindən cəmi bir dəfə müraciət etməklə müraciətini daha çox maliyyə təşkilatına çatdırmış olur. Platformada əməliyyatları həm veb səhifə, həm də mobil tətbiq vasitəsilə icra etmək imkanı var. İstifadəçilər müştərilərin bütün lazımi məlumatlarını özündə əks etdirən standart cədvəlləri dolduraraq bizə göndərirlər. Maliyyə təşkilatları isə müraciətlərin daxili kreditləşmə prosedurlarına uyğunluğunu rahatlıqla təhlil edib müştəriyə təkliflərini göndərə bilirlər”.

Startapçı qeyd edib ki, isitfadəçilər platformanın imkanlarından tam ödənişsiz, tərəfdaşlar isə ilkin müddətdə ödənişsiz, sonradan isə tələbata və şərtlərə uyğun olaraq, aylıq ödəniş əsasında yararlanacaqlar: “Platformanın iki vacib hədəfi var ki, bunlardan biri maliyyələşməyə ehtiyacı olan hüquqi və fiziki şəxslərin maksimum rahatlıqla maliyyələşməsini, digəri maliyyə təşkilatlarının öz daxili prosedurlarına uyğun olan müştəriləri rahatlıqla təyin etməsini təmin etməkdir. İstifadəçiləri ilk olaraq maraqlandıran suallardan biri budur ki, hər bir maliyyə təşkilatının öz sosial şəbəkəsi və veb səhifəsi olduğu halda, nəyə görə bu platformadan istifadə etməlidir? Bilmək lazımdır ki, bizim mobil tətbiqdə istifadəçilərin tanımadıqları maliyyə təşkilatları belə, onların müraciətlərini görür və dəyərləndirir. Bu zaman maliyyələşmə ehtiyacı maksimum tez bir zamanda qarşılanır, daxil olan təkliflər arasında rahat müqayisə imkanı yaranır”.

Layihə rəhbərinin sözlərinə görə, şirkətin mütəxəssisləri tərəfindən müraciət üzrə təmannasız məsləhət xidməti göstərilir, vaxta qənaət edilir, maliyyə təşkilatlarının məhsulları ilə rahatlıqla tanışlıq imkanı yaradılır, nəticəsiz görüşlər, sıxıcı növbələr, qeyri-qanuni ödənişlər aradan qalxır: “Tərəfdaşlar da fikirləşə bilərlər ki, özümüzü sosial şəbəkələr vasitəsilə reklam ediriksə, satış və marketinq komandamız varsa, niyə bu platforma ilə əməkdaşlıq edək? Cavab budur: tərəfdaşlıq etməklə sizin reklamı görməyən, sizi tanımayan müştərinin də maliyyə ehtiyacını bilirsiniz. Satış komandanızı potensial müştəri bazası ilə təmin edirsiniz. Müvafiq baza vasitəsilə potensial müştəriləri təyin edib onların daxili prosedurlara uyğunluğunu rahatlıqla təhlil edirsiniz. Mütəxəssislərimiz tərəfindən daxil olan müraciətlər təhlil olunur və maliyyələşməyə yararlı hala gətirilir. Xidmət səviyyəsi yüksəlir, marketinq xərcləri azalır, məhsulların potensial müştərilərə tanıtım imkanı yaradılır. Tərəfdaşlıq zamanı ilkin mərhələdə heç bir ödəniş tələb olunmur. Siz platformanın imkanlarından təmannasız yararlana və razı qalmadığınız təqdirdə, müqaviləyə xitam verə bilərsiniz”.

Platformada tətbiq olunan prosesi izah edən F.Tağıyev bildirib ki, istifadəçi ya veb səhifə (moneytunnel.az) üzərindən, ya da mobil tətbiqi (Money-Tunnel) mobil cihazlarına endirərək platformada qeydiyyatdan keçdikdən sonra tələb olunan məhsulu seçir, müraciət cədvəlini doldurur, maliyyə təşkilatlarına AKB, ASAN finans və digər qurumlara sorğu etməsi barədə razılıq verərək müraciətini ünvanlayır: “Hazırda bu sahədə bir neçə veb səhifə fəaliyyət göstərir. Lakin bu platformalar daha çox maliyyə, bank məhsulları haqqında məlumat xarakterlidir. Həmin səhifələrdə müştəri skorinq edilir, lakin müştərinin əlavə gəlirlərinin olub-olmaması nəzərə alınmır. Bütün bank məhsulları üzrə müraciət imkanı yoxdur, yalnız banklarla əməkdaşlıq edilir, müştəri müraciətini seçdiyi banka ünvanlayır, veb səhifə üzərindən fəaliyyət göstərilir. Əsas məqsəd maliyyə xəbərlərini vətəndaşlara çatdırmaqdır. “Money Tunnel” platformasında isə istənilən maliyyə məhsulları üzrə müraciət etmək imkanı mövcuddur. Platforma vasitəsilə bütün maliyyə təşkilatları (Bank, BOKT, lizinq şirkətləri, lombardlar və s.) ilə əməkdaşlıq edilir: “Money Tunnel” platforması həm müştərilərin, həm də maliyyə təşkilatlarının rahatlığı üçün ən unikal formada hazırlanıb. Bazardakı rəqiblərimizdən kifayət qədər üstünlüklərimiz və fərqimiz var. Biz maliyyə xəbərləri portalı deyilik, maliyyə təşkilatları ilə müştəriləri vahid məkanda və vahid məqsəddə birləşdirən bir platformayıq”.