BİZNES

17 İyun

9 ay müddətində gəlir vergisindən kimlər azad olunub?

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, COP29-la bağlı vergi güzəştləri tətbiq olunur.

Fins.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il Azərbaycanda keçiriləcək.

Tədbir çərçivəsində qeyri-rezidentlərin fəaliyyətinə münasibətdə vergi güzəştlərinin müəyyənləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə 21 may 2024-cü il tarixli Qanunla dəyişikliklər edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq təsdiqedici sənədi əsasında COP29 tədbiri çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunub. Bundan başqa, ETSN-in təsdiqedici sənədi əsasında COP29 tədbiri çərçivəsində qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər, habelə qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadəyə, yaxud istifadə hüquqlarının verilməsinə görə ETSN ilə bağlanılmış müqavilə əsasında həmin qurum tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə mənfəət vergisindən azad edilib.

COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar ETSN ilə bağlanılmış müqaviləyə əsasən qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, eləcə də həmin Nazirliyin təsdiqedici sənədi əsasında malların idxalı da 2024-cü il martın 1-dən 9 ay müddətinə ƏDV-dən azaddır.