İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Bakı Mərmər Qranit” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus paylarının satışı üzrə investisiya müsabiqəsi elan edir.
Fins.az xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 10.000.000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması (80-dən az olmayaraq), istehsal prosesində müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı konkret təkliflərini verməlidir.
Müəssisənin ümumilikdə 689.292 manat həcmində öhdəlikləri var. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (9.500.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə //clck.ru/3BBMzE linki vasitəsilə tanış olmaq olar.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 2024-cü il 8 iyul tarixinədək (iş günləri saat 10:00-dan 17:30-dək) Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 2024-cü il 9 iyul tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.
Fuad Mədətov
Fins.az