Azərbaycanda fəaliyyət göstərən türk iş adamları və idarəçilərini birləşdirən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm fayda verir. Birliyin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat qurumun fəaliyyəti, Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- TÜİB üzvləri Azərbaycanla daha çox hansı sahələr üzrə əməkdaşlıq edir və hansı sahələrə investisiyalar yatırırlar?
- Əvvəla, qeyd edim ki, TÜİB Azərbaycanda çalışan türk iş adamları tərəfindən təsis edilib və iki qardaş ölkə arasında iqtisadi əlaqələri gücləndirmək missiyasını həyata keçirir. “Güclü iqtisadiyyat - güclü dövlət” şüarı ilə Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına və güclənməsinə töhfə verərək, iki ölkə arasındakı bölünməz qardaşlıq körpüsündə təməl daşlardan biri olmaq başlıca hədəfimizdir. İş adamları arasında ortaq platformalar təsis etmək, onları birgə əməkdaşlığa və investisiya yatırımlarına təşviq etmək, real və məhsuldar məşğulluğu artırmaq, üzvlərimizin əlavə dəyərin yüksək olduğu sahələrdə daha da fəallaşmasına dəstək vermək, təkliflər təqdim etmək və bütün tərəflərin məmnun qalmasını təmin etmək əsas məqsədlərimiz sırasındadır.
Öz sıralarında 100-dən artıq üzvü birləşdirən TÜİB Maliyyə, İnşaat, Kənd Təsərrüfatı və Qida, Logistika-Gömrük, Səhiyyə, Turizm və Xidmət, Sənaye və Ticarət olmaqla 7 aktiv komissiya ilə fəaliyyət göstərir.
“Güclü iqtisadiyyat - güclü dövlət” şüarı ilə Azərbaycan və Türkiyə iqtisadiyyatlarının
inkişafına və güclənməsinə töhfə verərək, iki ölkə arasındakı bölünməz qardaşlıq
körpüsündə təməl daşlardan biri olmaq başlıca hədəfimizdir
- Son illərdə Türkiyə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələri daha çox hansı yönümdə genişlənir?
- Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticari əlaqələr son dövrlərdə müxtəlif sahələr üzrə xeyli genişlənib. Bunu təsdiqləmək üçün bəzi əsas sektorlara və əməkdaşlıq sahələrinə baxmaq faydalıdır:
Enerji sektoru
Təbii qaz və neft: Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın ən mühüm sahələrindən biri enerji sektorudur. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi bu əməkdaşlığın ən mühüm göstəricilərindən biridir. TANAP Azərbaycanın “Şahdəniz” yatağından qazı Türkiyə üzərindən Avropaya nəql etməklə enerji təhlükəsizliyini artırır.
Neft ticarəti: Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri bu əməkdaşlığın digər mühüm hissəsidir. BTC Azərbaycan neftini Xəzər dənizindən Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına nəql edir.
Ticarət və investisiya
İkitərəfli ticarət: İki ölkə arasında ticarət həcmi son illərdə durmadan artır. Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İxrac və idxal mallarında sənaye məhsulları, qida, toxuculuq və tikinti materialları üstünlük təşkil edir.
İnvestisiyalar: Türk şirkətləri Azərbaycanda müxtəlif sektorlara əhəmiyyətli investisiyalar yatırırlar. Tikinti, bank işi, telekommunikasiya və turizm bu sahələr sırasındadır. Eynilə azərbaycanlı investorlar Türkiyədə enerji, daşınmaz əmlak və maliyyə sektorlarına sərmayə qoyurlar.
Nəqliyyat və logistika
Bakı-Tbilisi-Qars dəmir yolu: Bu dəmir yolu xətti iki ölkə arasında daha sürətli, səmərəli ticarət və daşımaları təmin edir. Bu layihə Çindən Avropaya qədər uzanan müasir İpək Yolunun mühüm hissəsidir.
Logistika mərkəzləri: Türkiyə və Azərbaycan logistika və nəqliyyat sahəsində əməkdaşlığı gücləndirirlər. Xüsusilə liman əməliyyatları və nəqliyyat dəhlizləri bu əməkdaşlığın mərkəz nöqtələridir.
Müdafiə və texnologiya
Müdafiə sənayesi: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq artmaqdadır. Son illər hərbi texnologiyalar və müdafiə texnikası sahəsində əməkdaşlıq intensivləşib.
Texnologiya və startaplar: Texnologiya və innovasiya sahəsində əməkdaşlıq da təşviq edilir. Birgə texnologiya inkişafı layihələri və startap ekosistemlərinin dəstəklənməsi iki ölkə arasında əməkdaşlığın yeni istiqamətləri sırasındadır.
Kənd təsərrüfatı və qida
Kənd təsərrüfatı məhsullarının ticarəti: Kənd təsərrüfatı və qida sektorlarında qarşılıqlı əməkdaşlıq inkişaf edir. Bu sahə üzrə müasir texnologiyalar və üzvi aqrar məhsullarla bağlı layihələr xüsusilə diqqətəlayiqdir.
Qida təhlükəsizliyi: Qida təhlükəsizliyini və keyfiyyət standartlarını artırmaq üçün iki ölkə arasında birgə tədqiqatlar aparılır.
Ümumiyyətlə, son illər Türkiyə ilə Azərbaycan arasında enerji, ticarət, nəqliyyat, texnologiya, müdafiə sənayesi kimi müxtəlif sahələrdə iqtisadi və ticari əlaqələr genişlənməkdədir. Bütün bunlar strateji tərəfdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verir.
Son illər Türkiyə ilə Azərbaycan arasında enerji, ticarət, nəqliyyat, texnologiya,
müdafiə sənayesi kimi müxtəlif sahələrdə iqtisadi və ticari əlaqələr genişlənməkdədir
- Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. TÜİB türk iş adamlarının Azərbaycana investisiya yatırımını daha da artırmaq üçün onları necə stimullaşdırır və bu məqsədlə hansı tədbirlər həyata keçirir?
- Sürətlə dəyişən dünyada və regionumuzda iqtisadi-siyasi sabitlik, əməkdaşlıq və davamlı inkişaf indi həmişəkindən daha vacibdir. Son vaxtlar bölgədə baş verən proseslər, mövcud yeni reallıqlar, eləcə də Azərbaycan və Türkiyənin dövlət başçılarının təşəbbüsü ilə başlanan daha sürətli inkişaf niyyətləri iki qardaş ölkənin münasibətlərini daha da yüksək səviyyəyə qaldıracaq. Uzun illər ərzində işğal altında olan torpaqların azad edilməsi təkcə Azərbaycan və Türkiyə deyil, bütün türk dövlətləri arasında yeni əməkdaşlıq imkanları yaradıb.
Azərbaycanda biznes üçün vacib olan sabitlik və nəqliyyat imkanları hesabına ölkəyə iri şirkətlərin cəlb olunması davam etdirilir. Son illər ölkədə fəaliyyət göstərən sənaye parkları və Ələt Azad İqtisadi Zonasına yeni investorların və şirkətlərin cəlb olunması üçün çoxsaylı müqavilələr bağlanılır. Qürurverici məqam odur ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə sahibkarlar böyük maraq göstərir və bu bölgəyə yatırımlar edirlər. Bu işlərdə Türkiyə şirkətləri, həmişəki kimi, daha aktiv iştirak edir, azad olunmuş ərazilərin dirçəldilməsinə mühüm töhfə verirlər.
Azərbaycanda tətbiq olunan vergi güzəştləri, azadolmalar və bu kimi digər dəstək tədbirləri biznes dairələrini və iş adamlarını bu imkanlardan səmərəli istifadəyə təşviq edir. Xatırladım ki, 2023-cü il dekabrın 21-də Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyə Prezidentinin Maliyyə ofisinin dəstəyi, AZPROMO və TÜİB-in birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə investisiya forumunu uğurla keçirdik. Forumda dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkənin şirkət nümayəndələri, sahibkarlar və investorlar olmaqla, 500-dən çox qonaq iştirak edirdi. Bununla bərabər, biz davamlı şəkildə B2G tədbirləri təşkil edir, üzvlərimizi islahatlar, qanunvericilikdə olan dəyişikliklər barədə məlumatlandırır, onları maraqlandıran sualları cavablandırırıq.
- Hazırda Azərbaycanda Türkiyə sərmayəli necə müəssisə fəaliyyət göstərir?
- Azərbaycanda təxminən 4 mindən çox türk kapitallı şirkət fəaliyyət göstərir. Bu şirkətlər müxtəlif sektorlarda, xüsusilə tikinti, enerji, xidmət, qida, tekstil, maliyyə və telekommunikasiya kimi sahələrdə fəaliyyətlərini davam etdirirlər.
- Türkiyənin Azərbaycana yatırdığı ən böyük investisiya layihəsi hansıdır? Qarşıdakı dövr ərzində yeni investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulurmu?
- Ən böyük investisiya layihəsi olan TANAP Cənub Qaz Dəhlizinin mühüm hissəsidir və Azərbaycanın “Şahdəniz 2” yatağından çıxarılan təbii qazı Türkiyə vasitəsilə Avropaya nəql edir. Bu layihə enerji təchizatı təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir və iki ölkə arasında ən böyük enerji sərmayəsi hesab edilir.
İşğal altında olan torpaqların azad edilməsi təkcə Azərbaycan və Türkiyə deyil,
bütün türk dövlətləri arasında yeni əməkdaşlıq imkanları yaradıb
- Türk şirkətləri Azərbaycanda bərpaolunan enerji layihələrində iştiraka maraq göstərirlərmi? Xüsusilə Qarabağın yaşıl enerji zonasına çevrilməsi prosesində onlar hansı formada iştirak edirlər?
- Azərbaycanda bərpaolunan enerji layihələrinə böyük maraq göstərən Türkiyə şirkətləri həm bu sahədə əldə etdikləri təcrübədən, həm də qardaş ölkənin potensialından faydalanmaq niyyətindədirlər. Onlar xüsusilə Qarabağın yaşıl enerji regionuna çevrilməsi prosesində fəal rol oynamağı hədəfləyirlər. Türkiyənin enerji şirkətlərinin Azərbaycanda günəş və külək enerjisi layihələrində iştirakı artıq gündəmdədir. Türk şirkətləri, həmçinin, texnologiya və nou-hau, mühəndislik xidmətləri sahəsində əhəmiyyətli bilik və təcrübə təklif edir. Bu çərçivədə texnologiya transferi və texniki dəstək təmin edilir.
- Ölkəmiz 2024-cü ildə dünyanın ən mühüm beynəlxalq tədbirlərindən biri olan COP29-a ev sahibliyi edəcək. Sizcə, bu hadisə Azərbaycanın biznes sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına necə təsir edəcək?
- Qeyd etdiyiniz mötəbər beynəlxalq tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkənin biznes sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına əhəmiyyətli təsir göstərə bilər. Bu tədbirin potensial təsirlərinə gəlincə, COP29 iqlim dəyişikliyinə və davamlı inkişafa diqqət yetirən bir tədbir olduğundan, Azərbaycanın yaşıl iqtisadiyyata və davamlı investisiyalara doğru irəliləməsinə böyük töhfə verə bilər. Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji layihələrinə daha çox investisiya cəlb olunacaq ki, bu da enerji sektorunda yeni iş yerlərinin yaradılması deməkdir. Həmçinin, davamlı texnologiya və innovasiya sahələrində yeni təşəbbüslər və startaplar dəstəklənə bilər.
Bütün bunlarla yanaşı, COP29 Azərbaycanın iş adamlarının bu beynəlxalq platformada müxtəlif ölkələrin biznes nümayəndələri və investorları ilə görüşmək imkanını artıracaq, nəticə etibarilə birgə əməkdaşlıq münasibətləri bütün tərəflərə fayda gətirəcək.