BİZNES

03 İyun

Azerconnect Group Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın ən böyük İKT şirkəti olan Azerconnect Group-un əsas tərəfdaşlığı ilə Bakıda “3-cü Milli Kibertəhlükəsizlik Forumu” keçirilib.

Fins.az xəbər verir ki, Azerconnect Group-un Baş direktorunun müavini Dövlət Dövlətov tədbirin açılış mərasimində çıxış edərək, şirkətin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi ilə bağlı şirkətin öncül təcrübəsini bölüşüb. Forum zamanı Azerconnect Group-un Təhlükəsizlik Əməliyyatlar Mərkəzinin təkmilləşdirilməsi layihəsi təqdim edilib. Həmçinin kibertəhlükəsizlik sahəsində şirkət tərəfindən yerli peşəkarların yetişdirilməsi üçün atdığı addımlar haqqında ətraflı məlumat paylaşılıb.

Forumda dövlət qurumları, özəl şirkət və biznes nümayəndələrinin iştirakı ilə kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları, habelə kiberdiasporanın formalaşdırılması mövzuları ətrafında mühüm müzakirələr aparılıb. 

Qeyd edək ki, Azerconnect Group İKT sahəsində iri işəgötürənlərdən biri olaraq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzvüdür.

Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində xidmətlər göstərən şirkətdir. Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Fuad Mədətov
Fins.az