BİZNES

23 May

MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının növbəti iclasları keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı ilə MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) Dövlətlərarası Texniki Komitələrinin Əlaqələndirilməsi üzrə İşçi Qrupun (РГ МТК) 13-cü iclası və Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının (НТКС) 67-ci müşavirəsi keçirilib.

Fins.az xəbər verir ki, 22-23 may tarixlərində hibrid formatda (həm əyani, həm də videokonfrans) təşkil olunan tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər ölkələrin standartlaşdırma üzrə milli orqanlarının təmsilçiləri, habelə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Standartlaşdırma Bürosunun nümayəndələri iştirak ediblər.

İşçi Qrupun (РГ МТК) iclasında 2023-cü il ərzində yerinə yetirilmiş fəaliyyətlər üzrə hesabatlar dinlənilib, mövcud Dövlətlərarası Texniki Komitələrin birləşdirilməsi və tətbiq sahələrinin genişləndirilməsi, eləcə də yeni Dövlətlərarası Texniki Komitələrin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyanın müşavirəsində (НТКС) isə İşçi Qrupun iclasının nəticələri, habelə 2030-cu ilə qədər olan dövr üçün Dövlətlərarası Şuranın İnkişaf Strategiyasının həyata keçirilməsi üzrə Fəaliyyət Planının icra vəziyyəti, 2024-2025-ci illər üçün Dövlətlərarası Standartlaşdırma Proqramı (ПМС) nəzərdən keçirilib. Bundan başqa, dövlətlərarası standartlaşdırma sahəsi üzrə sənədlərə baxılması prosesi, rəqəmsal həllərin tətbiqi və digər məsələlər də müzakirə olunub.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi, eləcə də digər qurumlar arasında ikitərəfli görüşlər baş tutub.

Qeyd: MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə əlaqələndirilmiş siyasətin formalaşdırılması və həyata keçirilməsi üzrə MDB-nin hökumətlərarası orqanıdır.

Fuad Mədətov
Fins.az