Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti cümhuriyyətin 110 illiyinin geniş qeyd olunacağı 2033-cü ilə qədər sərnişin axınını 171 milyona çatdırmağı planlaşdırır.
Fins.az xəbər verir ki, Türkiyənin ən bahalı brendi kimi tanınan və bu il 91 illik yubileyini qeyd edən şirkət mayın 19-da 2033-cu ilə qədər olan dövr üçün inkişaf planlarını açıqlayıb.
Aviaşirkət, demək olar ki, bütün illərdə sərnişin axınında artım olduğunu qeyd edib. İstisna hal yalnız yeni növ koronavirus pandemiyasının olduğu dövrdə müşahidə edilib.
“Türk Hava Yolları”nın hədəflərinə əsasən, şirkətin yaxın illərdə 813 laynerə çatacaq hava parkı əhəmiyyətli dərəcədə genişlənəcək.
2023-cü ilin aprelinədək Türk Hava Yollarının xidmətlərindən 1 milyard sərnişin istifadə edib.
Hazırda “Türk Hava Yolları”nın 456 təyyarəsi dünyanın 130-dan çox ölkəsinə uçuşlar həyata keçirir. Orta hesabla hər 59 saniyədə dünyanın hava limanlarından Türkiyə milli aviadaşıyıcısının bir təyyarəsi havaya qalxır.
Aviaşirkətin gündəlik xidmətlərindən orta hesabla 250 min nəfər istifadə edir və 4 761 ton yük daşınır.
Eyni zamanda, gündəlik olaraq “Türk Hava Yolları”nın reyslərində orta hesabla 2 195 pilot və 5 466 təyyarə bələdçisi çalışır.
© azertac