İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə “Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” (Cross-Border Innovation: Strengthening Azerbaijan-Hungary Friendship) adlı beynəlxalq konfrans keçirilib.
Fins.az xəbər verir ki, Macarıstanın “Mathias Corvinus Collegium” Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə innovasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, alimlər, sahibkarlar və startapçılar iştirak ediblər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyində keçirilən konfransı giriş sözü ilə açan qurumun İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov daim yenilənən innovasiya ekosistemindəki müasir çağırışlara cavab verən təşəbbüsləri yüksək qiymətləndirib.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn isə Azərbaycan-Macarıstan əlaqələrindən söz açıb, Türk Dövlətləri Təşkilatı, “Yaşıl Enerji” dəhlizi və digər platformalarda uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
"Enterprise Azerbaijan" portalının rəhbəri Mətanət Musayeva da çıxış edərək bildirib ki, indiyədək keçirilmiş “Startup School 1” layihəsinin iştirakçılarının qazandığı uğurlar böyük əks-səda doğurduğundan bu il “Startup School 2”ə start verilib. Layihədə həm yerli, həm də xarici startapçılar geniş tədqiqatlar aparır, ekosistemdəki yenilikləri öyrənirlər. Təqaüd proqramı çərçivəsində 3 ay ərzində “Enterprise Azerbaijan”da təcrübə keçən “Mathias Corvinus Collegium” Universitetinin tələbəsi Piter Baloq isə mübadilə proqramları və innovasiyalarla bağlı öyrəndiklərini konfrans iştirakçıları ilə bölüşüb.
Açılış nitqlərinin ardınca konfrans “İqtisadi mənzərə: inkişafda innovasiyanın rolu” , Gələcəyin əsasları: Təhsil və innovasiya”, “ İnnovasiya ekosistemi: Əsas nəzər nöqtəsi” mövuzlarında üç panel üzrə davam edib. Müzakirələrdə dövlətin innovasiya siyasəti, vençur kapitalları, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi yolları müzakirə olunub, startap ekosisteminin iqtisadi inkişafda rolu, təhsil, elm, kənd təsərrüfatı sahələrinə təsiri barədə yerli və xarici mütəxəssislərin fikirləri dinlənilib.
Sual-cavab sessiyalarında Dünya Bankının maliyyə və özəl sektorun inkişafı üzrə məsləhətçisi Ramil Məhərrəmov, “Mathias Corvinus Collegium” Universitetinin Beynəlxalq Münasibətlər məktəbinin rəhbəri Caba Moldiz, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Hüseyn Mehdi, Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev, Azərbaycan-Fransız Universitetinin direktor əvəzi Lətifə Nəsibova, Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina, “SABAH.HUB”-ın idarə heyətinin üzvü Orxan Abbasov çıxışlar ediblər.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “www.enterpriseazerbaijan.gov.az” portalı Prezident İlham Əliyevin “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılıb. Məqsəd Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi, ölkədə alternativ maliyyələşməyə açıq layihələrin həyata keçirilməsi və yeni investisiya imkanlarının yaradılmasıdır.
Fuad Mədətov
Fins.az