İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” üzrə 2024-cü il üçün hədəflərin müəyyənləşdirilməsi və indikatorlar cədvəlinin hazırlanmasına dair müzakirə aparılıb.
Fins.az xəbər verir ki, İİTKM-in şöbə müdiri Aqil Əsədov müzakirəyə dair ilkin məlumat verib. O qeyd edib ki, Prezidentin Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Planında 3 prioritet istiqamət üzrə tədbirlərin görülməsi nəzərdə tutulur. Müzakirədə Fəaliyyət Planı üzrə əlaqələndirici qurum olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı digər əsas icraçı qurumların nümayəndələri, eləcə də İİTKM-in müvafiq əməkdaşları iştirak ediblər.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Təranə Salıfova Fəaliyyət Planının nəticəəsaslı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə Tədbirlər Planında nəzərdə tutulan ilkin, aralıq və yekun nəticə indikatorları üzrə hədəflərin müəyyənləşdirilməsinə dair ilkin məlumatları təqdim edib. Həmçinin vahid indikatorlar cədvəlinin hazırlanması, monitorinq və qiymətləndirmə metodologiyası və s. məsələlər haqqında geniş məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Sonda Tədbirlər Planında müəyyən edilmiş nəticə indikatorlarının, 2024-2026-cı illəri əhatə edən hədəf göstəricilərinin müvafiq əsas və digər icraçı qurumların birgə iştirakı ilə illik olaraq tərtib olunması qərara alınıb.
Fuad Mədətov
Fins.az