Biznesində ESG prinsiplərini tətbiq etmək istəyən sahibkarlar və digər maraqlı tərəflər məcmuə ilə KOBİA-nın saytından tanış ola bilərlər.
Fins.az xəbər verir ki, ölkəmizdə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsi çərçivəsində ESG-yə dair müxtəlif məsələlər üzrə məlumatların toplandığı məcmuə hazırlanıb.
Məcmuədə ESG üzrə ölkəmizin beynəlxalq öhdəlik və vəzifələri, qanunvericilik bazası, statistik məlumatlar, qiymətləndirmə metodologiyaları, hesabatlıq standartları və digər məsələlər öz əksini tapıb.
Biznesində ESG prinsiplərini tətbiq etmək istəyən sahibkarlar və digər maraqlı tərəflər məcmuə ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) www.smb.gov.az saytından tanış ola bilərlər (//smb.gov.az/storage/ESGMecmue2024.pdf).
Qeyd edək ki, ESG-nin əsas elementlərindən biri olan “yaşıl iqtisadiyyat”a transformasiya KOB-lar üçün faydalıdır. Belə ki, ESG prinsiplərinin müəssisələrdə tətbiqi ətraf mühitinin mühafizəsinə xidmət etməklə yanaşı, səmərəli və qənaətli texnologiyaların tətbiqi, eləcə də yaşıl innovasiyaların biznes proseslərinə inteqrasiyası KOB subyektlərinin xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərir. İstehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl məhsulların istehsalı biznesin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir. Bu gün beynəlxalq investorlar sərmayə ilə bağlı qərarlar verən zaman yaşıl məsələləri də özündə ehtiva edən ESG prinsiplərinə üstünlük verirlər.
Azərbaycanda ESG prinsiplərinin daha geniş şəkildə təşviq edilməsi, bu istiqamətdə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsinin təmin edilməsi məqsədilə 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə altqrupu yaradılıb. Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir. ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış formalaşdırılıb və Yol Xəritəsi təsdiq edilib.