BİZNES

26 Aprel

Çində növbəti “Azərbaycan Ticarət Evi” açılıb

Ölkəmizin Çində sayca 5-ci ticarət evinin açılış mərasimi baş tutub, tədbirdə Çinlə ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi müzakirə olunub.

Ticarət evində Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına, eləcə də, sərmayə mühitinə aid materiallar nümayiş olunur.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə yaradılan ticarət evində “Made in Azerbaijan” brendli məhsullar çinli istehlakçılara təqdim olunur. Bura əsasən çaylar, meyvə şirələri, şərablar, konservlər, mürəbbələr, qənnadı məmulatları və s. daxildir.

Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı ilə bağlı keçirilən mərasimdə çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov, Sıçuan şəhəri Çinbaycian rayonunun xalq hökuməti sədrinin müavini Ley Tin, “Azərbaycan Ticarət Evi”nin rəhbəri Huan Çao iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışıblar. Bildirilib ki, ticarət evi Azərbaycanda dadı və keyfiyyəti ilə seçilən məhsullarının Çində təşviqi ilə yanaşı, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə də töhfə verəcək.

Özəl sərmayələrin hesabına yaradılan “Azərbaycan Ticarət Evi” Çendu şəhərinin Çinbaycian rayonundakı Siçuan azad ticarət zonasında yerləşir. Çendu şəhərindən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərindən Avropaya göndərilən yük qatarları məhz bu azad zonadakı beynəlxalq dəmir yolu limanından yola salınır. Liman ərazisindəki ölkə pavilyonları şəhərciyində yerləşən “Azərbaycan Ticarət Evi”nin sahəsi təxminən 600 kvadratmetrdir. Hazırda bu şəhərcikdə Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Niderland, Belçika və Yeni Zelandiya da daxil olmaqla 34 ölkənin pavilyonu fəaliyyət göstərir. “Azərbaycan Ticarət Evi” şəhərcikdəki ən böyük ticarət evlərindən biridir.

Bu, Azərbaycanın Çində sayca 5-ci ticarət evidir. Digər 4 ticarət evi Çindao, Canciaciye, Sian və paytaxt Pekində fəaliyyət göstərir. Ticarət evlərindən başqa, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhan şəhərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi də fəaliyyət göstərir. Ticarət və şərab evləri “Made in Azerbaijan” brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların Çin bazarında daha çox tanıdılmasına, eləcə də, Azərbaycan məhsullarının ixracının təşviqinə və genişləndirilməsinə çox böyük təsir göstərir.

Ticarət evinin operatoru olan “Sichuan Rongda Juxin International Trade” şirkəti Azərbaycan məhsullarının idxalçısı və bir neçə ticarət evinin operatoru olan “Sino-foreign Economic Cooperation (Peking) Science and Trade” şirkəti vasitəsilə Azərbaycan məhsullarının alışını həyata keçirir. Şirkət geniş işgüzar əlaqələri vasitəsilə gələcəkdə Azərbaycan məhsullarının Çendu şəhərində satışını genişləndirməyi hədəfləyib.

Xatırladaq ki, Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhəri 21 milyondan çox əhali ilə ölkənin 4-cü ən iri şəhəridir. Ölkənin əsas iqtisadi, maliyyə, ticarət, nəqliyyat, kommunikasiya və tədqiqat mərkəzlərindən biri olan Çendu Çinin ən sürətlə inkişaf edən şəhəri ünvanına malikdir.

Fuad Mədətov
Fins.az