BİZNES

25 Aprel

Caspian Energy Club və AISA təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə  Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş “CEO MeetUp HSE day” tədbiri keçirilib.

Bu barədə Fins.az-a Caspian Energy Club-un Sədri və qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

B2G formatında təşkil edilmiş “CEO MeetUp HSE day”də bir sıra dövlət qurumlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri, o cümlədən, özəl sektorun sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində çalışan nümayəndələr və müvafiq sahələrin tənzimləyici qurumların rəsmiləri iştirak etmişlər.

B2G MeetUp-da salamlama nitqiylə Caspian Energy Club-un Sədri və qrupun Baş İcraçı Direktoru Telman Əliyev, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının sədri Orxan Xəlilzadə və Türkiyə Respublikası Əməyin Mühafizə İdarəsinin baş müdiri Prof. Dr. Muhammet Fatih Bilal Alodalı çıxış etmişlər.

180-dən çox iştirakçı sayı olan tədbir əsnasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, “The British Petrolium Company” – Səngəçal Terminalının SƏTƏMM və Karbon izi üzrə qrup rəhbəri İdrak Nəzərov, SOCAR Karbamid zavodunda SƏTƏMM və KN şöbəsinin rəisi, SOCAR Downstream HSE meneceri Nurlan Axundov və “Bureau Veritas” şirkətinin ölkə üzrə meneceri Amil Calalov spiker qismində, Caspian Energy Club-un Sədri və qrupun Baş İcraçı Direktoru Telman Əliyev, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının sədri Orxan Xəlilzadə isə moderator qismində çıxış etmişlər.

"SƏTƏM mədəniyyətinin təbliğ edilməsi istiqamətində işərimizi davam etdiririk. Əlavə olaraq SƏTƏM və Proses Təhlükəsizliyi komitəmiz bu sahədə müasir standartların tətbiqi və təşviqi ilə bağlı hökümətə təkliflərini hazırlayır", - çıxış edən Orxan Xəlilzadə bildirib.

“Sənayene İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Dövlət Reyestr qeydiyyatı şəhadətnaməsinin verilməsi xidmətini ASAN xidmətdə təşkil etməklə, o cümlədən, agentliyin daxilində bir pəncərə sistemini tətbiq etməklə təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərə sürətli xidmətin təşkilini təmin etmişdir”, - İsmayıl Nəsirov bildirmişdir.

“Sual-cavab” sessiyası çərçivəsində dövlətimizin əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, təhlükəsiz və sağlam iş yeri şəraitinin yaradılması, fövqəladə hallara hazırlıq və cavab tədbirləri, işin icrası zamanı müvafiq standartlara riayət olunması kimi mövzular geniş işıqlandırılmışdır.

Daha sonra tədbir bütün spiker və sponsorlara təşəkkür sertifikatının, Prof. Dr. Muhammet Fatih Bilal Alodalıya tədbirin təşkilinə göstərdiyi dəstəyə görə fəxri üzv sertifikatının, Caspian Energy Club və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası-nın üzvlərinə üzvlük sertifikatının təqdim etmə hissəsi ilə davam etmişdir.

“CEO MeetUp HSE day” tədbiri şirkət nümayəndələrinin ünsiyyəti üçün təşkil edilmiş networking hissəsi ilə yekunlaşmışdır.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Fuad Mədətov
Fins.az