BİZNES

22 Aprel

“Caspian İnvestment Forum Bishkek 2024” 10 ölkə sahibkarlarını bir araya topladı

Caspian Energy Club Kyrgyzstan və Union Logistic şirkətinin təşkilatçılığı ilə “Caspian Investment Forum Bishkek 2024” keçirilib.

Bu barədə Fins.az-a Caspian Energy Club Kyrgyzstan-ın İdarə heyətinin sədri Rövşən Mehdiyev bildirib.

“Caspian Investment Forum Bishkek 2024”də açılış nitqi ilə çıxış edən Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev sahibkarlar üçün yaradılmış əlverişli şəraitə, sağlam investisiya mühitinə, aparılan islahatların iqtisadiyyata müsbət təsir göstərdiyinə görə hər iki ölkənin ali rəhbərliyinə dərin minnətdarlığını bildirib. Telman Əliyevin sözlərinə görə, Caspian Energy Club Kyrgyzstan-ın İdarə heyətinin sədri Rövşən Mehdiyevin özü və komandasının bu forumun keçirilməsində rolu böyükdür. “Rövşən Mehdiyev tərəfindən Azərbaycan və Qırğızıstan şirkətləri arasında iqtisadi əlaqələrin genişləndirməsi üçün ciddi addımlar atılır. Təşkil edilmiş forum bu addımlara və qazanılmış bir sıra ciddi uğurlara töhfəsini verib və verməkdə də davam edəcəyinə ümid edirik. Əminəm ki, yaxın gələcəkdə biz “Caspian Investment Forum Bishkek 2024” forumun dövlət və özəl sektora verdiyi bəhrələrini görəcəyik”, ─ Telman Əliyev bildirib.

“Caspian Investment Forum Bishkek 2024” tədbiri Orta Dəhliz üzərində yerləşən ölkələrin investisiya potensialı, azad iqtisadi zonalar, ixracatın inkişafı üçün imkanlar, yaşıl iqtisadiyyata keçid, yaşıl enerji, enerji dayanıqlığı və Türkdilli ölkələrin biznes ictimaiyyətinin Avropa ilə əməkdaşlığı kimi məsələlərin müzakirəsinə həsr olunmuşdur.

“Azərbaycan və Qırğızıstan iqtisadiyyat və investisiya əməkdaşlığının inkişafı üçün geniş potensiala malikdilər. Bu forumun keçirilməsinin əsas məqsədi Azərbaycan və Qırğızıstan şirkətlərinin qarşılıqlı marağını artırmaq, tərəflərin iqtisadi sahədə münasibətlərini genişləndirmək və daha da yüksək səviyyəyə gətirməkdir. Bundan əlavə, biz həmçinin Caspian Energy Club-un fəaliyyət göstərdiyi ölkələrdən olan sahibkarları Qırğızıstanda həyata keçirilən müxtəlif layihələrdə iştirak etməyə cəlb etmək istərdik”, ─ Rövşən Mehdiyev qeyd edib.

Rövşən Mehdiyevin sözlərinə görə, Azərbaycan şirkəti olan Union Logistik iki ölkə arasında biznes-ticarət əlaqələrinin genişləndirilməsi üçün  davamlı səylər göstərir. “Nəqliyyat-kommunikasiya, xüsusilə logistika sahəsinə dair məsələləri prioritet seçən Union Logistik bu sahənin həm Azərbaycanda, həm Qırğızıstanda inkişafı üçün öz töhfəsini verməyə davam edir”, ─ o qeyd edib və əlavə edib ki, Union Logistik bu günədək tarixi İpək Yolunun bərpası və işə düşməsi istiqaməti ilə əlaqəli türkdilli ölkələrlə səmərəli əməkdaşlıq yaradıb. Union Logistik uzun zaman üzərində çalışdığı tarixi İpək Yolu xəritəsinə uyğun yeni marşrut xəttini reallaşdırıb. Şirkət Azərbaycanın tranzit potensialını yüksəltmək üçün müxtəlif yeni layihələr üzərində çalışır. Buna misal olaraq, yüklərin Türkiyə-Gürcüstan-Azərbaycan üzərindən keçməklə Türkmənistan-Özbəkistan-Qırğızıstana daşınmasını qeyd etmək olar. Bundan əlavə, şirkət iqtisadi inteqrasiyaya doğru addım ataraq Bişkek Azad İqtisadi zonaya daxil olub və Qırğızıstanda iqtisadi sərbəst bölgə statusu qazanıb. Bu isə Azərbaycanlı iş adamları üçün Orta Asiya və Çinə yerli məhsulların idxal və ixracını daha sürətli çatdırmağa yardımçı olacaq.

“Ümidvaram ki, təşkil edilmiş forum ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına və genişləndirilməsinə öz müsbət təsirini göstərərək, hər iki ölkədə olan davamlı inkişaf proseslərinə yeni təkan verəcək”, ─ deyə Rövşən Mehdiyev bildirib.

Onu da bildirək ki, forumdan bir gün əvvəl Caspian Energy Club Kyrgyzstan forum iştirakçıları üçün Bişkek Azad İqtisadi zonaya səfər və oranın baş direktoru Timur Tamiraliyev ilə işgüzar görüş təşkil etmişdir. “Əminəm ki, bu görüş hər iki tərəf üçün səmərəli və uzun müddətli əməkdaşlıqla nəticələnəcəkdir”, ─ Rövşən Mehdiyev vurğulayıb.

“Caspian Investment Forum Bishkek 2024”də Qırğızıstan Respublikasının İqtisadiyyat və Kommersiya naziri Daniyar Amangeldiyev,  Qırğızıstan Respublikasının Nəqliyyat və Rabitə Naziri Tilek Tekebaev, Qırğızıstan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov, Azərbaycan Respublikası Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Zöhrab Qədirov, həmçinin Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi, Qırğızıstan Respublikasının Energetika Nazirliyi, KOBIA kimi bir sıra qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Caspian Investment Forum Bishkek 2024” sponsorları qismində iştirak edən Union Express, RRK Company, Garant Company və SENSEMI şirkətləri foruma böyük dəstək göstəriblər.

“Sual-cavab” sessiyası əsnasında enerji sektorunda investisiya potensialı, yerli biznes mühiti, tikinti sektorunda fəaliyyət göstərən müəssisə və fabriklər üçün qanunvericilik haqqında məlumat, nəqliyyat və logistika şirkətləri üçün bazara çıxış imkanlarının axtarışı kimi mövzular geniş işıqlandırılmışdır.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Fuad Mədətov
Fins.az