BİZNES

22 Aprel

Deputat: Azərbaycanla Çin arasında iqtisadi və siyasi sahədə əlaqələr prioritet təşkil edir

Azərbaycanla Çin arasında iqtisadi və siyasi sahədə əlaqələr prioritet təşkil edir. İki ölkə arasında əlaqələrin güclənməsində mədəni əlaqələrin rolu da böyükdür. Bu əlaqələr tarixi ənənələrə əsaslanır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çinlə əlaqələrə mühüm yer verilib. Ölkəmiz Çin məsələsində hər zaman vahid mövqe ifadə edib. Azərbaycan bütün platformalarda Çinin ərazi bütövlüyünü tanıdığını bəyan edir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusundakı konfrans çərçivəsində keçirilən “Qlobal və regional dinamika: Azərbaycan və Çindən baxış” adlı paneldə çıxışı zamanı deyib.

Çinin "Bir kəmər, bir yol" layihəsinin Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edən deputat bildirib: “Orta Dəhliz bir sıra ölkələrin diqqətini cəlb edib. 2020-ci ildən etibarən 2 milyondan çox yük Orta Dəhliz vasitəsilə daşınıb".

Soltan Məmmədov, həmçinin çıxışında Heydər Əliyev Fondunun iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verdiyini vurğulayıb və Fondun dəstəyi ilə həyata keçirilən tədbirlərdən, pandemiya dövründə Çinin Azərbaycana verdiyi dəstəkdən də danışıb.