Avstriya nümayəndələri ilə görüşdə potensial əməkdaşlıq istiqamətləri və birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.
İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Qünter Qraberlə görüş keçirilib.
Fins.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün təşəbbüslərin artdığı vurğulanıb, Azərbaycanda inklüziv işgüzar mühit, investorlar üçün yaradılmış imkanlar barədə məlumat verilib, avstriyalı sərmayədarlar fəal işbirliyinə dəvət olunub.
Tərəflər potensial əməkdaşlıq istiqamətləri və birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparıblar.
Avstriyanın “Grabher Group” şirkəti texniki tekstil sektorunda yüksək texnologiyalı məhsullar üzrə ixtisaslaşmış bir neçə törəmə şirkətdən ibarətdir. Şirkət tibb və gigiyena, hava və maye filtrləmə, ağıllı tekstillər, nanotexnologiyalar və yüngül kompozit materiallar üzrə xüsusi həllər təklif edir.
Fuad Mədətov
Fins.az