Qiymətləndirmə nəticələrinə görə, 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb. Hazırda 24 ölkədə fəaliyyət göstərən 349 qida obyekti qiymətləndirilərək təsdiq olunub.
Fins.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, bunlardan 246 müəssisədə video inspeksiya, 103 müəssisədə isə yerində qiymətləndirilmə keçirilib:
“10 ölkədə yerində qiymətləndirilmə həyata keçirilib Rusiya (30), Belarus (30), Türkiyə (20), İran (5), Almaniya (5), Hindistan (4), Gürcüstan (3), Ukrayna (3), Polşa (2), Latviya (1). Aparılan qiymətləndirmə nəticələrinə əsasən 6 müəssisədə gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün həmin müəssisələrin təsdiqindən Agentliyin müvafiq qərarı ilə imtina edilib”.
Qida obyektlərinin təsdiqi sistemi üzrə ekvivalentliyi tanınmış ölkələrə gəlincə, Q.Təhməzli qeyd edib ki, agentlik Kollegiyası Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının qida obyektləri üzrə təsdiq sisteminin, Türkiyənin isə müəyyən məhsul qrupları üzrə ekvivalentliyinin qismən tanınması ilə bağlı müvafiq qərar qəbul edib:
"Digər ölkələrlə də qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliyinin tanınması ilə bağlı müvafiq işlər həyata keçirilir”.