BİZNES

08 Aprel

"Əsas prioritetimiz Caspian Energy Club-ın fəaliyyət göstərdiyi bütün ölkələrlə biznes əlaqələrinin genişləndirilməsidir"

“18-ci Beynəlxalq Caspian İnvestment Forum 2024 Prague-da əsas prioritetimiz Çexiya və Azərbaycan şirkətləri arasında uğurlu biznes əlaqələrinin formalaşdırılması, eyni zamanda Caspian Energy Club-ın fəaliyyət göstərdiyi bütün ölkələrlə biznes əlaqələrinin genişləndirilməsidir” – Financial Chain Corporation-nın İdarəedici Tərəfdaşı, Caspian Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov mediaya müsahibəsində vurğulayıb. 

“Caspian Energy Club-ın Çexiyadakı rəsmi nümayəndəsi olan Caspian Energy Club Czechia fəaliyyətini genişləndirməkdə davam edir. Cari ilin fevral ayında keçirilmiş CEO Breakfast Prague iki ölkənin iş adamlarını səmərəli netvörkinqdə birləşdirdi. İndiyə kimi keçirilmiş bütün tədbirlərin iki ölkə şirkətləri arasında faydalı biznes əlaqələrinin formalaşmasında əhəmiyyəti danılmazdır. Biznes mühitinin yeni imkanları və perspektivləri, yaşıl enerji, Avropanın enerji təhlükəsizliyi, texnoloji tərəqqi və rəqəmsallaşma, eləcə də investisiya potensialı, investisiyaların cəlb edilməsi, müxtəlif ölkələrlə ticarətin şaxələnməsi keçirilmiş tədbirlərin əsas müzakirə mövzuları olub”- Zaur Qədirov bildirib. 

Fins.az xəbər verir ki, Caspian Energy Club Czechia-nın İdarə Heyətinin sədri müsahibəsi zamanı Çexiya və Azərbaycan şirkətlərinin öz xidmətlərini təqdim etmələri və əlaqələr yarada bilmələri üçün Caspian Energy Club Czechia şəbəkə platformasının əhəmiyyətini vurğulayıb. 

“Bildiyiniz kimi indiyə kimi bir çox aktual mövzularda CEO görüşlər keçirilib. Bu görüşlərdə süni intellekt, maliyyə texnologiyaları, turizmin inkişafı, yaşıl enerji, investisiya və biznes mühiti ətraflı müzakirə olunub. Bu görüşlər zamanı Caspian Energy Club üzvlərinə öz bizneslərini təqdim etmək, işgüzar əlaqələr qurmaq, problemləri müzakirə etmək və təkliflər irəli sürmək imkanı verilir. Eyni zamanda biznes  mühitini forlmalaşdıran işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsində Caspian Energy Club-ın da əhəmiyyəti böyükdür ” – Zaur Qədirov qeyd edib. 

Gələcək planlardan danışan Caspian Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirib vurğulayıb ki, 2024 -cü ildə keçirilmiş tədbirlərin sırasına may ayında Çexiyada keçiriləcək daha bir əhəmiyyətli forum əlavə olunacaq.

 “Cari ilin may ayının 16-17-ində Çexiyada keçirilməsi nəzərdə tutulan 18-ci Beynəlxalq Caspian İnvestment Forum 2024 Prague ümidvarıq ki, investisiya və biznes mühitinin təkmilləşdirilməsi, həmçinin dialoqların stimullaşdırılmasına ximət edəcək. Forumun əsas məqsədi Çexiya və Azərbaycan şirkətləri arasında uğurlu biznes əlaqələrinin formalaşdırılması, eyni zamanda Caspian Energy Club-ın fəaliyyət göstərdiyi bütün ölkələrlə biznes əlaqələrinin genişləndirilməsidir. 18-ci Beynəlxalq Caspian İnvestment Forum 2024 Prague-ın keçirilməsində bizlərə dəstək olan Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Çexiya Respublikasındakı Səfirliklərinə, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə dərin minnətdarlığımızı bildiririk. Financial Chain Corporation-nın Platinum sponsoru olduğu, Joint Bridges şirkətinin təşkilatçılığı ilə keçiriləcək forumun sponsorlar sırasına Philips və Energazer  şirkətləri də daxildir. Ümidvarıq ki, ölkələrimiz arasında iqtisadi münasibətlərin və əməkdaşlığın inkişafına investisiya forumu öz töhfəsini verəcək, investisiya sahəsində səmərli tərəfdaşlığa, uğurla reallaşdırılacaq birgə təşəbbüslərə zəmin yaradacaq” - Zaur Qədirov vurğulayıb.