“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə respublikamızda insan kapitalının inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlar aparılmasının zəruriliyi xüsusi vurğulanır. Bu islahatların davam etdirilməsi orta və uzunmüddətli dövrdə təhsilin (xüsusilə təhsilin ixtisaslı kadr hazırlığı pillələrində) keyfiyyətinin yüksəldilməsi, infrastrukturun və “elm-təhsil-istehsal” əlaqələrinin çevik idarəetmə mexanizminin qurulması, eləcə də şirkətlərin qlobal dəyər zəncirinə qoşulmaqla dünya bazarlarına inteqrasiyası üçün əhəmiyyəti qeyd olunur.
Fins.az xəbər verir ki, bunu ADPU-nun Quba filialının baş müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamal Kamalov “ADPU-nun Quba filialının ali təhsilimizin inkişafında yeri və rolu: reallıqlar, perspektivlər” məqaləsində qeyd edib.
Onun sözlərinə görə, bütün bunlara əsasən, Azərbaycan Respublikasında təhsilin inkişafına dair Strateji Yol Xəritəsində insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlanması və yeni biliklərin yaranmasında, tətbiqində, ötürülməsində bilavasitə iştirak əsas istiqamətlər kimi göstərilir.
Məqalədə də bu kimi dövlət əhəmiyyətli sənədlərə uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji İnstitunun Quba filialında təhsilin məzmununun yenilənməsi, müasir tələblərə uyğunlaşdırılması, dünya elminin qabaqcıl nümunələrinin təlim prosesində tətbiqi, təhsilalanların bilik və bacarıqlarını üzə çıxarılması, onların savadlı mütəxəssis kimi yetişməsi və s. istiqamətlərdə görülən, eləcə də əldə olunan müsbət iş təcrübəsi sahəsində qazanılan uğurlar haqda ətraflı məlumat verilir.
Fins.az məqaləni olduğu kimi təqdim edir.
ADPU-nun Quba filialının ali təhsilimizin inkişafında yeri və rolu: reallıqlar, perspektivlər
Qloballaşma şəraitində müasir dünyamız dayanmadan dəyişir və inkişaf edir. Bu inkişaf hər şeydən əvvəl özünü olduqca mürəkkəb və qeyri-müəyyən formalaşmaqda göstərir. Artıq süni intellekt, gen mühəndisliyi, biotexnologiya və bu kimi yeni sahələrin inkişafı özünü daha bariz büruzə verdikcə, bu formalaşma da açıq-aşkar mürəkkəb xarakter almağa başlayır. Təbii ki, bütün bu yeniliklər də dünyadakı proseslərə birbaşa təsir göstərir, onların yönünü müxtəlif istiqamətlərə dəyişir. Əgər bunların sırasına mövcud qlobal problemləri də əlavə etsək, onda planetimizin hansı çətinliklərlə üz-üzə qaldığını hiss etmək o qədər də çətin olmazdı. Bu problemlərin getdikcə daha da artması, eyni zamanda, təhsil sahəsini də bunlara müdaxilə etməyə və birbaşa olaraq həllində yaxından iştiraka vadar edir. Bu isə bir daha göstərir ki, təhsil heç də yalnız tədris prosesi ilə məşğul olmur, eyni zamanda cəmiyyət üzvlərinin yetkin şəxsiyyət kimi formalaşmasında iştirak etməklə bərabər, həm də bizi əhatə edən sosial-iqtisadi, ictimai-siyasi və digər problemlərin istiqamətinin dəyişməsində də mühüm rol oynayır. Bu baxımdan ali təhsil sistemində də yeni meyllərin artması həm də dünyanın gələcək inkişafını müəyyənləşdirməyə imkan verir. Əgər biz dünyanın gələcək təhsil xəritəsinə diqqət yetirsək, artıq yeni meyllərin qərarlaşdığını tam yəqin edə bilərik.
Hazırda ali təhsil sistemində yaranmış olan və getdikcə daha aktual əhəmiyyət kəsb edən başlıca amil davamlı inkişafın təhsil planına inteqrasiyasıdır. Bu prosesin daha ləng getməsi isə mövcud sahə üzrə hələ kifayət qədər tədqiqatların olmaması ilə bağlıdır. Yeni meyllər sırasına inklüziv tədris planına əsasən təhsilin inkişaf etdirilməsini, prosesin demokratikləşdirilməsini də aid edə bilərik. Əgər nəzərə alsaq ki, son illər açıq təhsil (distant və elektron təhsil sahələri) sistemi də daha geniş yayılmağa başlayıb, onda tədris prosesinin özünün də ciddi mürəkkəbləşmə ilə üzləşdiyini və bunun da müasirləşməyə ehtiyacı olduğunu görə bilərik. Bütün bu proseslər Azərbaycanın ali təhsil sistemindən də yan keçməyib. Təsadüfi deyil ki, bütün bu meyllər “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da nəzərə alınıb. Hətta bununla əlaqədar Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı qəbul olunan fəaliyyət proqramında da strateji hədəflər müəyyənlədirilib və onlara nail olmaq üçün konkret tədbirlər də nəzərdə tutulub. Eyni zamanda, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərilir ki, Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlar aparılır. Bu islahatların davam etdirilməsi orta və uzunmüddətli dövrdə təhsilin (xüsusilə təhsilin ixtisaslı kadr hazırlığı pillələrində) keyfiyyətinin yüksəldilməsi, infrastrukturun və “elm-təhsil-istehsal” əlaqələrinin çevik idarəetmə mexanizminin qurulması, eləcə də şirkətlərin qlobal dəyər zəncirinə qoşulmaqla dünya bazarlarına inteqrasiyası üçün əhəmiyyətlidir. Bütün bunlar ali təhsil müəssisələri qarşısında olduqca mühüm vəzifələr qoyur. Həmçinin, Azərbaycan Respublikasında təhsilin inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunur ki, “…ölkəmizdə insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir: 1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlanması; 2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak. Ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcəkdir. Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcəkdir.”
Son illər ali təhsil sistemində nəzərəçarpacaq yenilikləri bu hədəflərə çatmaq yolunda atılan addımların məntiqi uğurlu nəticəsi kimi də qəbul etmək olar. Amma etiraf etmək lazımdır ki, artıq 10 ildən bir qədər də çox vaxt keçməsinə baxmayaraq, strategiyanın bəzi hədəflərinə çatmaq mümkün olmamışdır. Daha dəqiq desək, bu istiqamətdə bir çox uğurlu addınlar atılsa da, görülən tədbirləri hələ də yetərincə saymaq olmaz.
Dövlət Strategiyasının fəaliyyət planında nəzərdə tutulan strateji hədəflərdən ən başlıcası təhsil şəbəkələrində rasionallaşdırma tədbirlərini həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək məqsədi ilə ucqarlarda yerləşən təhsil müəssisələrinə diqqət və qayğının artırılmasından ibarətdir. Bu, region tədris müəssisələrinə tədrisin təşkilindən tutmuş maliyyələşdirməyədək bütün istiqamətləri əhatə edir. Strateji hədəf eyni zamanda birbaşa olaraq mərkəzlə region ali təhsil müəssisləri arasında diskriminasiya hallarına yol verilməməsini də nəzərdə tutur. Deməli, strateji hədəf bununla həm də regionlarda qabaqcıl ali təhsil müəssisələrinin nümunəvi iş təcrübəsinin də yayılmasını zəruri hesab edir. Odur ki, konkret olaraq hələ bu strateji hədəfə çatmaq üzrə görüləsi tədbirlər hələ çoxdur.
“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sisteminin balıca vəzifələri kimi modernləşməsi üçün zəruri insan kapitalını inkişaf etdirmək, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət, nəzəri və praktiki biliklərə yiyələnmiş, müasir təfəkkürlü rəqabət qabiliyyətli kadrlar yetişdirmək, ən nəhayət, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdan ibarətdir. Bu vəzifələr ölkənin ali təhsil sistemində hər br müəssisənin fəaliyyətinin əsas qayəsini təşkil etməlidir. Sevindiricidir ki, bu istiqamətlərdə uğurlu nəticələrə imza atan ali təhsil ocaqlarına təkcə paytaxt Bakıda deyil, regionlarda da rast gəlmək mümkündür. Və onların arasında müsbət iş təcrübəsi ilə digərlərindən kəskin fərqlənən ADPU-nun Quba filialının fəaliyyəti xüsusi ilə fərqlənir. Dövlət Strategiyasında qarşıya qoyulan vəzifələri yerinə yetirmək və fəaliyyət planında nəzərdə tutulan məqsədlərə çatmaq istiqamətində filialın fəaliyyətinə qısa da olsa nəzər yetirmək kifayətdir.
Bəri başdan deyim ki, son 5 il ərzində ADPU-nun Quba filialında təhsil almaq arzusunda olanların sayı xeyli artmışdır. İçərisində olduğumuz 2023-2024-cü tədris ili hələ başa çatmadığından dediklərimi əsaslandırmaq üçün əvvəlki 4 ilin statituikasına diqqət yetirməli olacağam. Hazırda ölkəmizdə fəaliyyət göstərən 51 ali tədris müəssisəsindən 40-ı dövlət ali təhsil ocağıdır ki, onların da arasında ADPU-nun Quba filialı xüsusi dəst-xətti ilə seçilir. Digər ali təhsil müəssisələrinin də regionlarda yerləşən filialları arasında daim birinciliyi ilə seçilən bu filialda son illər tələbə qəbulunun nəticələri, təhsilalanların və məzunların say tərkibi gənclərin bura olan marağının gündən-günə artdığını göstərir. Rəqəmlərə diqqət yetirək. Filiallar arasında yüksək nəticəyə malik olduğuna rəğmən, mən də konkret olaraq müstəqil, özü də dövlət ali təhsil müəssisələri ilə müqayisə aparmağa çalışacam. 2022-2023-cü tədris ilində tələbə qəbuluna görə ADPU-nun Quba filialı (294 nəfər) Naxçıvan Müəllimlər İnstitutunu (293 nəfər), Bakı Ali Neft Məktəbini (272 nəfər), Azərbaycan Rəssamlıq Akademiyasını (272 nəfər), Azərbaycan Dövlət Dəniz Akademiyasını (226 nəfər), Azərbaycan Milli Könservaroriyasını (171 nəfər), Dövlət Gömrük Komitəsinin Akademiyasını (140 nəfər) və s. qabaqlamışdır. Rəqəmlər ali təhsil almaq arzusunda olan gənclərin bu tədris müəssisəsinə olan xüsusi marağından irəlii gəlir. Özü də bu tələbələr təkcə regiondakı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını əhatə etmir. İndi filialda təhsil alanlar arasında Bakıdan başlayaraq respublikamızın ən ucqar rayonlarınadək bütün bölgələri əhatə edən yüzlərlə gənc vardır. Təbii ki, onların da burada təhsil almaq marağının bir çox obyektiv səbəbləri vardır. Və filialda dərs deyən müəllim də, təhsil alan tələbə də, bir sözlə burada olan hər bir kəs bu səbəblərin nədən qaynaqlandığının şahidi ola bilər.
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası respublikamızda keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sistemini yaradılması üçün 5 strateji istiqamət üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Birinci strateji istiqamət şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir. ADPU-nun Quba filialında bu amilə xüsusi diqqət yetirilir. Təhsilin məzmununun yenilənməsi, müasir tələblərə uyğunlaşdırılması tədris prosesindən başlayaraq, semester imtahanlarınadək bütün mərhələlərdə özünü açıq-aydın göstərir. Filiala qəbul olunan gənclər artıq ilk gündən ali məktəbdə təhsil aldıqlarının hiss etmiş olurlar. Dünya elminin qabaqcıl nümunələrinin tədris prosesində tətbiqi təhsilalanların bilik və bacarıqlarını üzə çıxarmaqla yanaşı, onların savadlı mütəxəssis kimi yetişməsinə gözəl zəmin yaradır. İndi filialda fəaliyyət göstərən 150-ə yaxın professor-müəllim heyətinin hər bir üzvünün əsas məqsədi məhz şəxsiyyətyönümlü təhsil məzmununun yaradılmasına nail olmaqla gəncləri savadlı mütəxəssis kimi cəmiyyətə hazırlamaqdan ibarətdir. Təhsilin məzmununun yenilənməsi istiqamətində müxtəlif texnologiyalardan istifadə olunması tələbələrin tədrisə yaradıcı münasibətində də ciddi dəyişikliklər yaradır. Mühazirə dərslərində əldə olunan və müasir elmi texnologiyalara əsaslanan nəzəri bilik və bacarıqlar praktik məşğələlərdə öz müsbət ifadəsini tapır. Təbİi ki, bütün bunlar da sonda keçirilən semester imtahanlarında özünü doğrultmuş olur. Tədris prosesində qiymətləndirmənin dünya elmində daha aktual əhəmiyyət kəsb edən yeni modellərə uyğun aparılması və əsaslandırılması xüsusilə diqqəti cəlb edir. Bu həm də tədris prosesində tələbələrin daha fəal olmasına və innovativliyə geniş imkan yaradır. Bu isə Dövlət Stategiyasına əsaslanan daha bir amilin – tədrisin demokratikləşdirilməsi prosesinin gerçəkləşdirilməsinə birbaşa müsbət təsir göstərmiş olur. Artıq tələbə auditoriyada özünü keçmiş sovetlər məkanında olduğu kimi – müəllimin diqtəsi ilə hərəkət edən müqəvva deyil, tədris prosesini həyata keçirən pedaqoq kimi şəxsiyyətyönlü vətəndaş və cəmiyyət üçün hazırlanan zəruri bir mütəxəssis olaraq hiss etməyə başlayır. Dərs prosesində fəal iştirak etməklə, müəllimin onlara aşıladığı bilik və bacarıqları mənimsəməklə bərabər, diskussiyalarda da fəal iştirak edir. Belə tələbələrlə işləmək, elmin müasir tələblərinə uyğun olaraq tədris prosesini təşkil etmək isə müəllimlər üçün heç də asan deyildir. Çünki müasir dövrün tələbləri ilə ayaqlaşmaq – auditriyalarda dərs demək və təhsilalnların elmi tələblərini ödəmək müəllimdən daha hazırlıqlı olmağı, öz işinə xüsusi məsuliyyətlə yanaşmağı tələb edir. Bu şərt həm də Dövlət Strategiyasının ikinci strateji istiqaməti – təhsilalanların fərdi xüsusiyyələrini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması amili ilə sıx bağlıdır. Sevindirici haldır ki, artıq bu istiqamət üzrə ADPU-nun Quba filialında kifayət qədər formalaşmış və geniş yayılmaya, təbliğinə ehtiyac duyulan müsbət iş təcrübəsi vardır. Və bu təcrübənin ərsəyə gəlməsində şəxsən filialın direktoru, artıq 5 ildir ki, bu təhsil müəssisəsinə uğurla rəhbərlik edən gənc alim, fədakar ziyalı və yüksək idarəetmə qabiliyyətinə malik olan fizika elmləri doktoru, dosent Yusif Alıyevin gərgin əməyi və təşəbbüskarlığını xüsusi qeyd etmək lazımdır. Məhz onun bu sahəyə xüsusi diqqətinin nəticəsidir ki, son illər ərzində filialda keçirilən beynəlxalq tədbirlərin – simpozium, konfrans, seminar və təlimlərin sayı-hesabı yoxdur. Filial rəhbərliyi burada çalışan professor-müəllim heyəti üzvlərinin yeni təlim metodlarını mənimsəməsi, tədris prosesində müasir texnologiyalardan və modellərdən istifadə bacarığına yiyələnməsi üçün bütün vasitələrdən istifadə edir. Təkcə son 1 həftə ərzində Qırğızıstan Milli Təkmilləşdirmə İnstitutunun rəhbərliyinin, daha sonra isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aparıcı mütəxəsislərinin iştirakı ilə təşkil olunan, tədris prosesinin qiymətləndirilməsi və ali təhsildə davamlı inkişaf mövzularından bəhs edən bir-birindən fərqli, eyni zamanda da maraqlı, nəicəyönümlü təlimləri xüsusilə qeyd etmək yerinə düşərdi. Bu kimi tədbirlər öyrənmək və öyrətmək baxımından olduqca əhəmiyyətlidir. Təlimlərdə iştirak edən filial əməkdaşları öz bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı, həm də qazandıqları yeniliklləri ali təhsildə tədris prosesinin təşkili və təhsilalanların qiymətləndirilməsində daha yaxından tətbiq etmək imkanı qazanırlar. Bundan əlavə, nəzərə alsaq ki, bilavasitə tədris prosesi ilə məşğul ollan əməkdaşların reytinqi bu kimi tədbirlərdə iştirak səviyyəsi və tədris prosesinin idarəedilməsi vəziyyətinə uyğun olaraq ildə bir dəfə Təlimdə Keyfiyyətin Təminat Şöbəsi tərəfindən müəyyənləşdirilir, onda həm pedaqoqların öz işinə necə məsuliyyətlə yanaşdıqlarının, həm də filial rəhbərliyinin bu sahəyə xüsusi nəzarətinin şahidi ola bilərik. Elə bütün bunların nəticəsidir ki, son illər xarici ölkələrdə geniş tanınan beynəlxalq əhəmiyyətli elmi nəşrlərdə filial əməkdaşlarının məqalələrinə daha tez-tez rast gəlinir. Yeri gəlmişkən, bir vacib məsələni də xüsusi qeyd etməyi özümə borc bilirəm. Bu yaxınlarda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi son 4 ildə “Web of Science” beynəlxalq elmmetrik bazasında ən çox elmi əsəri dərc olunan ali təhsil müəssisələrinin reytinqini açıqlayıb. İlk beşlikdə BDU, ADNSU, UNEC və AzTU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti də var. Bununla da ADPU “Tədqiqat universiteti” adını almaq uğrunda nə qədər iddialı universitet oldiuğunu bir daha ortaya qoymuş oldu. Və sevindiricidir ki, ADPU üzrə son 4 ildə “Web of Science” bazasında çap olunan 168 elmi məqalənin 25-I məhz Quba filialı əməkdaşlarının payına düşür. Məncə, burada əlavə şərhə ehtiyac yoxdur (!).
Bundan əlavə, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə yaranmış olan beynəlxalq əlaqələr universitetlərarası əməkdaşlığın daha da genişlənməsinə imkan verir. Artıq Quba filialının Türkiyə, Özbəkistan, Rusiya, Moldova və başqa ölkələrin universitetləri ilə müxtəlif fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq sahəsində tədbirləri digər ali təhsil müəssisələri üçün də nümunə ola bilər.
Həmçinin hazırda ADPU-nun Quba fİlialıninda 20 tədqiqatşı alimin birləşdiyi Gənc Alimlər və Tədqiqatçılar Şurası da fəaliyyət göstərir. Son illər filialın 3 əməkdaşı fəlsəfə doktorluğu, 2 nəfəri isə elmlər doktorluğu proqramı üzrə dissertasiya işi müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 3 əməkdaşa fəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru elmi dərəcələri, 1 nəfərə dosent, 1 nəfərə isə professor elmi adları verilmişdir. Bütün bunlar filialda təhsilin məzmununun səmərəli mənimsənilməini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına və peşəkarlığının yüksəldilməsinə nə dərəcədə əhəmiyyət verildiyini bir daha təsdiqləyir.
Respublikamızda təhsilin gələcək inkişafı üzrə müəyyənləşdirilmiş yol xəritəsinin daha bir istiqaməti isə bilavasitə təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasından ibarətdir. Bu, təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə mödelini, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri nəzərdə tutur. Açıq etiraf edək ki, bu gün ADPU-nun Quba filialının əldə etdiyi bütün uğurlu nəticələr və onun əsasında formalaşmış iş təcrübəsi məhz Dövlət Strategiyasında göstərilən bu istiqamətin təhsil müəssisəsində gerçəkləşməsinin əyani sübutudur. Filialda idarəetmə mexanizmi tam demokratik prinsiplər əsasında qurulmuşdur. Tələbələrin birbaşa olaraq filial direktoru ilə əlaqə saxlamaq, arzu və istəklərini məqamındaca rəhbərliyə çatdırmaq üçün hər 2 tədris korpusunda mövcud olan xüsusi qutu tələbələrlə birbaşa ünsiyyət imkanlarının bariz nümunəsidir. Semestr imtahanları zamanı nəticələrindən narazı qalan tələbələrin müraciətlərinin araşdırılması üçün təşkil olunan imtahan qərargahı və apellyasiya komissiyasının fəaliyyəti də yalnız bir məqsədə - obyektivlik və şəffaflığın təmin olunmasına xidmət edir. Apellyasiya komissiyasının araşdırmasında bəzən şəxsən filialın direktorunun iştirakı və nəticəyönümlü məsləhətləri tələbələrə diqqət və qayğının göstəricisi hesab olunmalıdır. Eyni zamanda, filial əməkdaşlarının rəhbərlə istənilən an ünsiyyət imkanı və bunun daim əlçatan olması demokratik idarəetmə mexanizminin olmasından irəli gəlir. Hər bir tədbirin sonunda, xüsusən də Elmi Şuranın genişləndirilmiş iclaslarında tədris-köməkçi və texniki heyət üzvlərinin də daim diqqət mərkəzində saxlanılması və rəğbətləndirilməsi filialda şəffaf və obyektiv idarəetmənin olmasından xəbər verir.
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətlərinin biri və məncə, bu gün filialın birbaşa gələcəyi ilə bağlı olan - müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən infrastrukturun yaradılmasından ibarətdir. Bu istiqamət bir sıra məqsədlərlə yanaşı, həm də təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasını, regional universal mərkəzlərin yaradılmasını, komplekslərin qurulmasını və s. nəzərdə tutur. Belə olan halda, regionda yeganə filial kimi fəaliyyət göstərən, təkcə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını deyil, ölkəmizim demək olar ki, bütün bölgələrini pedaqoji və digər ixtisaslar üzrə, özü də yüksək səviyyəli mütəxəssislərlə təmin edən bu yeganə ali təhsil müəssisəsi nədən filial səviyyəsindən müstəqil ali məktəbə - universitetə çevrilməsin? Axı bu statusu əldə etməyə onun kifayət qədər mənəvi haqqı vardır. Filialın universitetə çevrilməsi regionda yaşayan və universitet təhsili almaq arzusunda olan, amma maddi problemlər səbəbindən bu imkandan məhrum olan neçə-neçə gəncin istəyini reallaşdırmış olar. Bu, paytaxt Bakıda tələbə sıxlığının da qismən də olsa aradan qaldırılmasına təsir göstərmiş olar. Ən nəhayət, filialın universitet statusunu əldə etməsi bölgədəki kadr probleminin həllinə ciddi təsir göstərməklə, həm də dövlət siyasətində başlıca istiqamətlərdən biri kimi regionların sosial-iqtisadi inkişafı sahəsində də müsbət təsir göstərmiş olar...
Bu məqalədə Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ADPU-nun Quba filialında görülən işlər və digər ali təhsil müəssisələri üçün örnək ola biləcək qabaqcıl iş təcrübəsindən sadəcə, bəzi başlıca məqamlara toxunduq. Aydın məsələdir ki, filialın fəaliyyəti, tədris prosesinin təşkilindəki təcrübə, burada keçirilən tədbirlərin nəticəyönümlü olması, tələbələrin yüksək bilik və bacarıqlara malik mütəxəssis kimi yetişməsi ilə yanaşı, cəmiyyət üçün yararlı, əsl vətəndaş kimi hazırlanması və s. haqda kifayət qədər, hətta deyərdim ki, saatlarla yazmaq və danışmaq olar. Amma bunlar da yetərli deyil. Filialın rəhbərliyinin və kollektivin strateji hədəfləri təkcə bu deyil, daha yüksək uğurlara imza atmaqdır. Bunun üçün filialda hər cür şərait var - yüksək funksional idarəetmə mexanizmi, şəffaf mühit, gözəl kollektiv, təcrübəli pedaqoji heyət, təkcə bu günün deyil, sabahın tələbləri ilə ayaqlaşmağa can atan və kifayət qədər buna nail olan tələbə kontingenti və s. vardır. Bizə isə daha böyük hədəflərinə çatmağı qarşısına məqsəd qoyan və ölkəmizdə ali təhsilin inkişafında özünəməxsus dəst-xətti ilə seçilən bu təhsil müəssisəsinə uğurlar arzulamaq qalır: yolun açıq olsun, məramına çatasan - ADPU-nun Quba filialı!!!
Fuad Mədətov
Fins.az