İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin ilk seçim mərhələsinin nəticələri açıqlanıb.
Fins.az xəbər verir ki, “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva bildirib ki, müsabiqədə iştirak üçün ümumilikdə 121 layihə müraciət edib. İlk mərhələnin sonunda seçilmiş 28 layihə arasında Azərbaycan ilə yanaşı, Finlandiya, Kanada, Çexiya və Türkiyədən olan layihələr də var. Onun sözlərinə görə, Azərbaycandan seçilmiş layihələrin arasında regionda fəaliyyət göstərən universitetlərin (Naxçıvan və Lənkəran Dövlət universitetləri) tələbələri və orta məktəb (Xırdalan şəhəri, 2 saylı orta məktəb) şagirdlərinin adlarının da olması xüsusilə diqqətəlayiqdir. M.Musayeva qeyd edib, ilk mərhələdən keçə bilməyən layihələrlə də əməkdaşlıq davam etdiriləcək. Həmin startapçılara öz layihələrini //enterpriseazerbaijan.gov.az/saytında qeydiyyatdan keçirmələrinə və Azərbaycanda startap ekosisteminə daxil olmalarına mümkün dəstək göstəriləcək.
“Startup School 2 - AI for Green Solidarity”da ilk seçim mərhələsini qazanmış layihələrlə aprel ayının 2-də saat 12:00-dan sonra təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz: //startupschool.az/
Qeyd edək ki, “Startup School 2 - AI for Green Solidarity” layihəsinin rəsmi açılış mərasimi aprel ayının 5-də keçiriləcək.
Fuad Mədətov
Fins.az