Ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirən mühüm layihələrdən olan "SİMA İmza" mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb.
Fins.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkədi hesabında qeyd edərək paylaşıb.
"İki ildir ki istifadəyə verilmiş yeni nəsil rəqəmsal imza artıq E-gov, ƏMAS, Elektron Məhkəmə, "İnternet Vergi İdarəsi" portalı, "Smart Customs", "Güzəştli mənzil", Elm və Təhsil Nazirliyinin "Ali və Orta İxtisas Təhsil Alt Sistemi" portalı kimi bir çox dövlət xidmətlərinin, bankların sistemlərinə inteqrasiya edilib.
Biometrik həllərə və süni intellektə əsaslanan, əl imzası ilə eyni hüquqi qüvvəyə malik və vətəndaşlar üçün pulsuz olan "SİMA İmza"nın əlçatanlığı əhalinin elektron imzaya olan marağını artırmaqda, ekosistemə müsbət təsirini göstərməkdədir. Hazırda milli brendimizin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır.
"SİMA İmza"nın arxasında duran komandanı təbrik edir, yeni nailiyyətlər arzulayıram", - nazir bildirib.
Fuad Mədətov
Fins.az