Dünyada internet böhranı müəyyən vaxtlarda yenidən gündəmə gəlir. Qırmızı dənizdə husilərin yaratdıqları çətinlik nəticəsində Avrasiya və Afrika materiklərində internet uzunmüddətli kəsilə bilər. Xatırladaq ki, martın 5-də axşam saatlarında Amerika İT korporasiyalarının xidmətləri iki saat ərzində əlçatmaz oldu, “Google”, “Meta” və digər şirkətlərin hesablarına girişlər dayandı. “AAE-1”, “Seacom”, “EIG” və “TGN” şirkətlərinə məxsus kabellər zədələndiyindən Misir və Səudiyyə Ərəbistanından keçərək Şərqi Asiya, Avropa, Afrika, Hindistan, BƏƏ, Cibuti , Cənubi Avropa və Marsel arasında internet əlaqələri qısa müddətli də olsa kəsilib. Ümumilikdə isə şirkətlər zədələnmiş xətlərin tam olaraq bərpasının minimum iki ay çəkəcəyini bildiriblər.
Bir çox ekspertlər isə hesab edirlər ki, husilərin bölgədəki destruktiv fəaliyyəti Süveyş kanalı, həm də Rusiya və Belarusdan keçən şimal dəhlizlərinin ciddi təhlükədə olduğunu göstərir. Yaxın Şərqdəki proseslər və Rusiya-Qərb qarşıdurması Orta Dəhliz marşrutunun əhəmiyyətini daha da artırır. Azərbaycanın da bu xəttin üzərində yerləşməsi onu açar ölkəyə çevirir. Bu gün ölkəmiz təkcə neft, qaz, “yaşıl enerji” xətlərinin keçdiyi ölkə kimi deyil, eyni zamanda rəqəmsal informasiya axınına keçid olacağı, stabil, təhlükəsiz bir ölkəyə çevrilmişdir. Bu baxımdan, dövlətimizin geosiyasi əhəmiyyəti dünyada artır.
Azərbaycan artıq sırf təbii resurslar, enerji daşıyıcıları istehsal və ixrac edən ölkə olmaqla yanaşı, eyni zamanda təhlükəsizlik və stabillik şəraitində Rəqəmsal İpək Yolu üzərindən dünyanı birləşdirən bir ölkəyə çevrilir. 2015-ci ildə istifadəyə verilmiş Rəqəmsal İpək Yolu Çinin “bir kəmər, bir yol” layihəsinə qabaqcıl texnologiyanın daxil edilməsinə yönəlib. Əsasən telekommunikasiya-şəbəkə infrastrukturuna, o cümlədən 5G, sualtı və yerüstü fiber-optik kabellər, peyk yerüstü izləmə stansiyaları, məlumat mərkəzləri daxil olmaqla geoiqtisadi sərmayələrə işarə edən Rəqəmsal İpək Yolu Azərbaycanın da önəm verdiyi Orta Dəhliz marşrutunu canlandırır.
Bu layihə vasitəsilə Orta Dəhliz ölkələrindən – Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan ərazilərindən keçməklə meqarəqəmsal telekommunikasiya şəbəkəsi də inkişaf edir. Bu isə ikili və çoxtərəfli əməkdaşlığı artıraraq sülh və sabitliyin qorunub saxlanmasına xidmət edir. Orta Dəhliz üzrə həmin marşrut yüksək ötürmə qabiliyyəti və məlumatların ötürülməsində ən az gecikmə ilə ən optimal, ən qısa marşrut olacaq və regional əməkdaşlığa, inkişafa təkan verəcək.
Bu, həmin regionların internet trafikinə artan tələbatını ödəməyə və rabitə xidmətlərini yaxşılaşdırmağa müsbət mənada böyük təsir göstərəcək. Həmçinin layihə Avrasiyada iqtisadi sabitliyi və rifahı təmin edəcək.