Caspian Energy Club, Latviya və Estoniyanın Ticarət və Sənaye Palataları və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetinin birgə təşkilatçılığı ilə “Education and Green Technology” mövzusunun müzakirəsinə həsr olunmuş B2B Forum keçirilib.
Bu barədə Fins.az-a Caspian Energy Club International-ın idarəedici direktoru Günel Quliyeva bildirib.
LEF Network Azerbaijan proqramı çərçivəsində Azərbaycanda ikinci dəfədir ki keçirilən forumda, Azərbaycanın və Baltikyanı ölkələrin bir sıra dövlət qurumlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, Caspian Energy Club-a üzv olan şirkətlərin top-menecerləri və nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Cənab Peter Mixalko, Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cənab Edqars Skuja, Estoniyanın Azərbaycan Respublikasındakı səfirliyinin rəhbəri Cənab Yaak Lensment və Caspian Energy Club-un İdarə heyətinin sədrinin birinci müavini və Baş maliyyə direktoru Rasim Mahmudov açılış nitqi ilə çıxış ediblər.
Caspian Energy Club-un İdarə heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev tədbirdə iştirak edən Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cənab Edqars Skujaya Caspian Energy Club-un fəxri üzvü sertifikatını təqdim edib.
Azərbaycanda biznes tərəfdaşlıq əlaqələri qurmaq, təhsil və yaşıl texnologiyalar sahəsində biznes mühiti haqqında ətraflı məlumat əldə etmək üçün bir araya gələn Latviya, Estoniya və Finlandiyadan olan 15 təhsil və yaşıl texnologiya şirkətlərinin rəhbərləri sözügedən forumda və daha sonra ikitərəfli görüşlərdə fəal iştirak ediblər.
Tədbirin birinci hissəsi çərçivəsində B2B Foruma qatılan hər bir şirkətə təqdimat keçirmək üçün şərait yaradılmışdır, ikinci hissə isə B2B görüşlərlə davam etmişdir. “Əminik ki, keçirilən görüşlər nəticəsində Latviya, Estoniya və Finlandiyada fəaliyyət göstərmək istəyən yerli şirkətlər, habelə qeyd olunan ölkələrin şirkətləri Azərbaycandakı fəaliyyətlərini genişləndirməyə nail olacaqlar”, - Günel Quliyeva qeyd edib.
B2B Forumda Latviyanın Turība Biznes Universitetinin İdarə Heyətinin sədri Imants Bergs, Latviya Universitetinin Tələbələrin işə qəbulu bölməsinin rəhbəri Zane Svilāne, Jāņa sēta Ltd şirkətinin IT satış direktoru Visvaldis Gercāns, Water Riga Ltd-nin baş direktoru Maris Egle, Hydrokapillar Tech Ltd-nin baş direktoru Sandra Bukāne, Estoniyanın SpeakTX şirkətinin baş direktoru Salome Virkus, Triumph Research OÜ-nün baş direktoru Kadri Haljas, Navicup-ın baş direktoru Asko Berens, PBLC Nordic-in baş direktorları Sven Aabreldaal və Thomas Hedström, Järvamaa KHK-nin direktoru Rein Oselin, Finlandiyadan Helmi Learning Oy-un baş direktoru Jaana Kalliokoski, Language Clubhouse Oy-un baş direktoru Becky Luoma, Länsi-Suomen opisto/West Finland Kolleci Pedaqoqu və Marketoloqu Evan Schoombie, Lauttakylän lukio-nun direktor müavini Sami Kaisko, Finest Future-in Baş Maliyyə Direktoru Henri Hirvikoski, Finnish Water Forum-un baş direktoru Arvo Nerman kimi iştirakçılar yer almışlar.
Estoniya təhsil sisteminin gənc nəslin inkişafında oynadığı roldan bəhs edilən B2B Forum əsnasında iştirakçılara məktəbəqədər səviyyədən orta məktəbə qədər texnoloji savadlılığa yönəlmiş təhsil proqramları, Estoniyada dövlət və özəl sektorlar arasında məktəbəqədər təhsil sahəsində əməkdaşlığın qurulması, Estoniyada təhsildə istifadə olunan bir sıra qabaqcıl texnologiyalar haqqında geniş məlumat təqdim edilib.
Həmçinin B2B Forum çərçivəsində iştirakçılara Finlandiyanın təhsil sistemi, ölkənin təmiz ətraf mühit, yüksək keyfiyyətli təmiz texnologiyalar, habelə bərpa olunan enerji texnologiyalarının istifadəsi sahəsindəki təcrübəsi haqqında məlumat təqdim edilib.
Forum əsnasında Latviyada “yaşıl” texnologiyaların inkişafı, bu sahədə əldə edilən uğurlar, beynəlxalq standartlara və tələblərə cavab verən müasir istehsal və xidmət müəssisələri və innovasiyalara səbəb olan elmi və texnoloji inkişaf haqqında bildirilib.
Daha sonra tədbir iştirakçıların qeyri-rəsmi ünsiyyət və layihələrin müzakirəsi üçün yaradılmış networking hissəsi ilə davam edib.
Xatırladaq ki, 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq.
Günel Quliyevanın sözlərinə görə, Azərbaycanı işgüzar səfərlə ziyarət edən şirkətlər üçün B2B görüşlərlə yanaşı, müxtəlif biznes turlar da təşkil olunmuşdur. “Belə ki, yaşıl texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər Baku Water Week-i, təhsil sahəsində fəaliyyət göstərən şirkətlər Avropa Azərbaycan Məktəbini, Latviyanın Latviya Universitetinin nümayəndə heyəti isə ADA Universitetini ziyarət etmişlər”, - deyə Günel Quliyeva bildirib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
Fuad Mədətov
Fins.az