BİZNES

14 Mart

Bakıda Türk dünyası ilə bağlı daha bir tədbir keçiriləcək

“Türk Dövlətləri İqtisadi Forumu 2024” türk dövlətləri arasında iqtisadi münasibətlərin daha da gücləndirilməsi məqsədini daşıyır.

Fins.az xəbər verir ki, 2-3 may tarixlərində Bakıda türk dünyası ilə bağlı daha bir tədbir keçiriləcək. “Türk Dövlətləri İqtisadi Forumu 2024” tədbirində türk dövlətləri arasında iqtisadi əməkdaşlıq imkanlarına dair müzakirələr aparılacaq.

Bu arada isə təşkilatçılardan olan Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) mərkəzi ofisində həmin tədbirə həsr edilmiş mətbuat konfransı keçirilib.

Nigar Ələsgərova: Bu tədbir türk dövlətləri arasında ilk dəfə keçiriləcək

KOBSKA sədri Nigar Ələsgərovanın Azərbaycan Françayzinq Assosiasiyasının sədri Camid Mövsümovla birgə keçirdiyi mətbuat konfransında öncə tədbirlə bağlı geniş məlumat verilib.

Nigar Ələsgərova bildirib ki, ümumiyyətlə bu tədbir xüsusi önəm kəsb edir: “Forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türk Dövlətləri Təşkilatı (TDT) və Yazılım Sanayiçileri Derneyi (YASAD) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə keçiriləcək. r, bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri arasında iqtisadi münasibətlərin daha da gücləndirilməsi məqsədini daşıyır”.

Forumun növbəti mərhələdə daha 7 ölkədə təşkil olunması planlaşdırılır

KOBSKA sədri deyib ki, investorlar, iş adamları, qlobal şirkət sahibləri, asossasiya rəhbərləri, ictimai birlik, bank, networkinq qruplarının iştirak edəcəyi Forumun növbəti mərhələdə daha 7 ölkədə təşkil olunması planlaşdırılır: “Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Kuzey Kıbrıs kimi ölkələrdə keçirilməsi planlanan tədbir, türk dövlətləri arasında ciddi iqtisadi əlaqələrin yaranması, biznes mühitinin formalaşmasına öz töhfəsini verəcək”.

Mətbuat konfransında o da vurğulanıb ki, Bakıdakı tədbirə Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya və Misir kimi ölkələrdən də investorların qatılması gözlənilir.

Daha sonra media təmsilçilərinin sualları avablandırılıb.

Tədbirə mindən çox ziyarətçinin qatılımı gözlənilir

Konfransın gedişatında verilən suala cavab olaraq Azərbaycan Françayzinq Assosiasiyasının sədri Camid Mövsümov bildirib ki, Forumda “Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq- Qlobal iqtisadiyyata təsiri və töhfəsi”, “Çin yoxsa Hindistan yolu? Ələt Azad İqtisadi zonasının əhəmiyyəti” , “Türk qadını – Qadın sahibkarlığının inkişafı”, Türk dövlətlərində iqtisadi əməkdaşlıq – Brendləşmə, Françayzinq” başlıqlı panellər keçiriləcək: “Hər bir paneldə müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş qonaqlar çıxış edəcək”.

Qeyd edilib ki, tədbirdə ortalama mindən çox ziyarətçinin qatılımı gözlənilir.

Mətbuat konfransının sonunda təşkilatçılar media nümayəndələrini türk dövlətlərinin iqtisadi əlaqələrinin genişləndirilməsi üçün ciddi addım kimi qiymətləndirilən bu forumun işıqlandırılmasında fəal olmağa, birgə əməkdaşlığın daha sıx qurulmasına dəvət edib.

Fuad Mədətov
Fins.az