Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər üzrə xidmət haqqı Tarif (Qiymət) Şurasının “Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 31 iyul 2023-cü il tarixli qərarına əsasən müəyyən olunur. Müraciət edənlər xidmət haqqı barədə məlumatı xidmət yerinə gəlmədən elektron qaydada öyrənə bilərlər.
Fins.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalındakı (e-emlak.gov.az) “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” bölməsinə daxil olmaqla xidmət haqqını öyrənmək mümkündür. Vətəndaşlar müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqı olaraq ödəniləcək məbləğlə tanış ola bilər.
Xidmət haqqı ilə bağlı məbləğin ödənilməsini də elektron şəkildə həyata keçirmək mümkündür. Bunun üçün istifadəçi Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi” elektron xidmətinə daxil olmaqla onlayn ödəniş edə bilər.
Fuad Mədətov
Fins.az