Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% çox - 25,7 milyon manat vəsait köçürüb.
Qurumdan Fins.az-a verilən məlumata görə, 2 aylıq ödənişin 18,6 milyon manatı özəlləşdirmə (26 % çox), 7,1 milyon manatı isə icarə (21 % çox) hesabına təmin edilib.
Hesabat dövründə Dövlət Xidməti 10 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 98 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 119 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 17 onlayn qoşulma reallaşıb.
Ötən 2 ayda 453 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 78-i qeyri-yaşayış, 375-i isə torpaq sahələrinə aid olub.
Fuad Mədətov
Fins.az