7-8 mart 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin(MDM) Müşahidə Şurasının sədri Elçin Əlizadə, İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev, Maliyyə Xidmətləri və Hesablaşmalar departamentinin direktoru Esli Dilbazi, Bakı Fond Birjasının(BFB) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfər ediblər.
Fins.az xəbər verir ki, səfər çərçivəsində 7 mart 2024-cü il tarixində Türkiyənin fond birjası olan “Borsa İstanbul”un nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı Türkiyə birjasının əməkdaşları beynəlxalq əlaqələr, strateji planlaşdırma, insan resurslarının idarə edilməsi, biznesin inkişafı, listinq, informasiya texnologiyaları, üzvlük münasibətləri, audit və nəzarət kimi müxtəlif istiqamətlər üzrə təcrübələrini bölüşüblər. 8 mart 2024-cü il tarixində Türkiyənin mərkəzi depozitarı “MKK” və klirinq təşkilatı “Takasbank” ilə görüşlər keçirilib. MKK-nin nümayəndə heyəti ilə beynəlxalq əlaqələr və müvafiq əməliyyatlar, depo hesabları üzrə prosedur, komplayns məsələləri, depozitar qəbzlər və təşkilatlar arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub. “Takasbank”-ın nümayəndə heyəti tərəfindən pul hesabları, klirinq, hesablaşmalar və mərkəzi kontragent funksiyası barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.
Görüşlər zamanı MDM və BFB-in nümayəndə heyətlərinin sualları cavablandırılıb və müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Fuad Mədətov
Fins.az