BİZNES

06 Mart

Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyası fəaliyyətinin 2-ci ildönümünü qeyd edir

Azərbaycanda pərakəndə geyim idxalçıları ilə müvafiq dövlət qurumları arasında əsas kommunikasiya vasitəsi kimi yaradılan, hazırda 87 brendlə təmsil olan və 26 üzvü olan Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) fəaliyyətinin 2-ci ilinin yekunlarını elan edir.

Ötən il ərzində Assosiasiyanın əsas fəaliyyət istiqaməti olan bazar araşdırmalarının aparılması, üzvlərlə keçirilən görüşlərin nəticəsi olaraq, müfaviq dövlət qurumları ilə görüşlərin keçirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflərin hazırlanıb hökumətə təklif edilməsi ilə yanaşı, AFRA həmçinin ölkəmizdə sahibkarlıq fəaliyyətinə dəstək, xarici brendlərin ölkəmizdə fəaliyyətinin təşviqi istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. 

2023-cü ildə Assosiasiya beynəlxalq əlaqələrin genişləndirilməsi, Azərbaycan bazarının beynəlxalq səviyyədə tanıdılması, tanınmış brendlərin yerli bazara daxil olmasınının təşviqi məqsədi ilə keçirilən ən mühüm addım iyul ayında AFRA ilə Özbəkistanın Tekstil və Tikiş Sənayesi Müəssisələri Assosiasiyası (Uztekstilprom) arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması oldu. Bundan əlavə il ərzində AFRA-nın dəstəyi ilə təşkilat üzvlərinin bir sıra beynəlxalq sərgi və konfranslarda iştirakı təmin edildi, potensial investorlarla məhsuldar müzakirələr aparıldı.

Ötən ilin mühüm hadisələrindən biri də AFRA-nın İstanbul Fashion Connection- IFCO sərgisinə dəvət olunması oldu. Bütün dünyadan ildə 2 dəfə - fevral və avqust aylarında tədbirə qatılan dəb sənayesinin  iştirakçıları hazır məhsulları sərgiləməklə yanaşı, yeni bazarlara çıxış imkanlarını da nəzərdən keçirirlər. AFRA iştirakçılarına yeni brendlərin ölkəmizəcəlb edilməsi üçün  IFCO əla fürsətdir.

AFRA-nın əsas tərəfdaşlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi ilə il ərzində keçirilən görüşlərdə sektorun çətinlikləri və ehtiyacları ilə bağlı sahibkarların fikir və təklifləri dinlənilib, sahənin inkişafına və dövlət dəstəyi tədbirlərinə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib. İl ərzində digər dövlət qurumları və özəl təşkilatlarla keçirilən görüşlərdə pərakəndə geyim idxalçılarının mövcud problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb.

Pərakəndə geyim idxalçılarının, o cümlədən sahibkarların fəaliyyətinə dəstək, ticarətin artırılması məqsədi ilə, AFRA 2023-cü ildə 2 dəfə, aprel və oktyabr aylarında “Outlet Qaraj Günləri”-nin keçirilməsini, aprel ayında “Tamkart Alış-Veriş Festivalı”-nın (Tamkart Shopping Festival) təşkil edib. Ticarət tədbirlərinin keçirilməsi həm sahibkarlar, həm də istehlakçılar tərəfindən müsbət qarşılanır.

Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyası 2024-cü il üzrə artıq ilkin fəaliyyət planını təsdiqləyib, idxalçıların problemlərinin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, iri ticarət tədbirlərinin keçirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini davam edəcək.