BİZNES

05 Mart

Bakı Su Həftəsinin təşkil edilməsində əsas məqsəd Qarabağın yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsidir

Bu gün Azərbaycanda su təsərrüfatı sahəsində ilk dəfə olaraq baş tutacaq Bakı Su Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri Səməd Rzazadə və Dilqəm Şərifov, Bakı Su Həftəsinin layihə rəhbəri Nicat Şıxəliyev və “Caspian Event Organisers” şirkətinin İctimaiyyətlə Əlaqələr və Tədbirlər departamentinin rəhbəri Nuru Səfərəliyev iştirak edib.

Mətbuat konfransının sponsoru qismində “Kolin İnşaat” şirkəti çıxış edib.

Tədbirə kütləvi informasiya vasitələrinin nümayəndələri, sponsor şirkətin təmsilçiləri və tədbirin təşkilat komitəsinin üzvləri qatılıb.

2024-cü ilin mart ayında Bakı şəhərində Azərbaycanla yanaşı, bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçiriləcək. Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində Azərbaycanda ilk dəfə baş tutacaq sərgi 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində, konfrans isə 13-14 mart tarixlərində “The Ritz-Carlton Baku” mehmanxanasında keçiriləcəkdir.

Azərbaycanda etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahənin ölkədə bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə keçirilən bu tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir. Bakı Su Həftəsinin təşkil edilməsində əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.

Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləmişdir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, Isveçrə, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyası daxildir.

Ölkədə ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsi bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənir. Sərginin qızıl sponsorları “Acwa Power”, “AgroFoodInvestment”, “Geo SU Group”, "Hidroloq" MMC, gümüş sponsorları “IDE Technologies”, “Körpü Bina Tikinti”, “Coca-Cola”, bürünc sponsorları “Kolin İnşaat”, “Özgün İnşaat”,“Qarabağ-ER” və “Aztəsərrüfat” MMC, konsaltinq tərəfdaşı isə “Mekorot” şirkətləridir. Bu mühüm şirkətlərin dəstəyi tədbirin əhəmiyyətinin və aktuallığının göstəricisidir.

Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.

Tədbir haqqında ətraflı məlumatı www.bakuwaterweek.az//conference.bakuwaterweek.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Fuad Mədətov
Fins.az