BİZNES

01 Mart

Naxçıvanda dövlət satınalmalarında büdcə vəsaitlərinə 16 % qənaət edilib

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət satınalmalarında büdcə vəsaitlərinə 9,5 milyon manat və yaxud 16 % qənaət edilib.

Fins.az yerli bürosu xəbər verir ki, bunu bunu “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqi" mövzusunda keçirilən görüşdə Naxçıvanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, ötən il muxtar respublikada satınalmaların toplam dəyəri isə 59,2 milyon manat olub, bu isə ötənilki büdcə xərclərinin 10 %-dən çoxunu təşkil edib.

"Qənaətin 92,5 %-i açıq tender, 0,3 %-i təkliflər sorğusu, 7,2 %-i isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub", - deyə nazir əvəzi qeyd edib.

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti muxtar respublikada dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə iki təlim keçirib, təlimlərdə 250-yə yaxın dövlət müəssisə və təşkilat iştirak edib. Tədbirdə iştirak edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət satınalmalarının rəqabət mühitinin formalaşmasına təsirlərindən bəhs edib, həmçinin “Dövlət satınalmaları haqqında” yeni Qanunda satınalma prosedurlarının təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsinin sahibkarları satınalmalarda daha aktiv iştiraka təşviq edəcəyini qeyd edib.