Qırğızıstan-Azərbaycan iqtisadi əlaqələrin genişləndirmək məqsədi ilə Caspian Energy Club Kyrgyzstan, Qırğızıstanın paytaxtı Bişkekdə ilk tədbirini təşkil etdi.
Fins.az xəbər verir ki, B2G Forumda dövlət rəsmiləri ilə yanaşı, iş adamları, istehsalat, xidmət və logistika sahəsinə dair mütəxəssislər iştirak etdi. Caspian Energy Club Kyrgyzstanın sədri Rövşən Mehdiyev tədbirdə iştirak edən Qırğızıstan Respublikasının İqtisadiyyat naziri Daniyar Amangeldiyevi, Qırğızıstan Respublikasının Dövlət Gömrük Xidmətinin sədri, Gömrük Xidmətinin general-mayoru Samat İsabekovu, Qırğızıstan Respublikasının Nəqliyyat və Kommunikasiya naziri Telek Takebayevi Caspian Energy Club Kyrgyzstanın fəxri üzvlük sertifikatı ilə təltif etdi.
Tədbirdə çıxış edən Qırğızıstanın İqtisadiyyat naziri Daniyar Amangeldiyev klubun iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı üçün səmərəli əlaqələrin qurulmasında körpü rolunu oynayacağına ümid etdiyini bildirdi. Qırğızıstanın İqtisadiyyat naziri Daniyar Amangeldiyev, qarşılıqlı iqtisadiyyatın inkişafı üçün ilk növbədə nəqliyyat kommunikasiya əlaqələrinin qurulmasını vacib şərt hesab edir.
Daniyar Amangeldiyev:
"Logistika hazırki dövrdə vacib rol oynayır. Yüklərin qısa zamanda təhlükəsiz çatdırılması biznesdə əsas faktordu. Hazırda Azərbaycan ərazisində yalnız dəniz vasitəsilə deyil, quru və dəmiryolu infrastrukturunun olması, xüsusilə Qarabağ ərazisində nəqliyyat infrastrukturunun qurulması, Azərbaycanın nəqliyyat-logistika sahəsinə ayırdığı sərmayə və yanaşma, Qırğızıstanın da qarşılıqlı əməkdaşlıq üçün maraq dairəsindədi. Eyni zamanda Orta dəhliz vasitəsilə, yaxın şərqə çıxış, KTMT, Aİ daxil və digər ölkələr üçün də maraqlıdır."
Qırğızıstan Respublikasının Dövlət Gömrük Xidmətinin sədri, Gömrük Xidmətinin general-mayoru Samat İsabekov qloballaşma dövründə Türkdilli ölkələr birliyi arasında iqtisadi əlaqələrin möhkəmlənməsi üçün, bu ölkələrlə gömrük şərtlərinin və bəzi maneələrin aradan qaldırılmasını vacib hesab edir.
Samet İsabekov-Qırğızıstanın Gömrük sədri:
"2022-ci ildən biz Azərbaycanla gömrük sahəsində avtomatlaşdırma və rəqəmsallaşdırma prosesində razılığa gəlmişik. Biz qardaş xalqıq və yalnız birlikdə irəli getməliyik. Bu forumun təşkili həm Qırğızıstan-Azərbaycan, həm də digər Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsi üçün vacib şərtdir. Biz Transxəzər magistralını əhatə edəcək alternativ yolun açılmasına çalışmalıyıq. Bu bir sıra ölkələrlə tranzit potensialının artması, eyni zamanda, həm ticari, həm də gömrük orqanları arasında əlaqə deməkdir."
Azərbaycan və Qırğızıstanın ümumi maraqlarını nəzərə alaraq, şərq və qərb istiqamətində yükdaşımanı təmin etmək üçün Qırğızıstan, Azərbaycandan keçməklə nəqliyyat koridorunun yaradılmasında maraqlıdır. Qırğızıstan Nəqliyyat və Kommunikasiya nazirinin müavini Bekjan Rismandeev öz çıxışında bildirdi ki, bu marşrut beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olub, Avropa, Qafqaz, Asiya ölkələrini birləşdirəcək. Qırğızıstan bu layihənin inkişafını sürətləndirilməsi üçün nəqliyyat rəqəmsallaşdırma prosesi, sürücü vizalarının alınması kimi maneələrin həlli üzərində çalışır.
Tədbirdə çıxış edən Caspian Energy Club Kyrgyzstan sədr müavini Samirə Mustafayeva klub haqqında məlumat verərək, fəaliyyətləri dövründə hər iki ölkə iş adamlarının aktiv ticari mübadiləsini sürətləndirmək, iqtisadi əlaqələrinin möhkəmlənməsi ücün beynəlxalq investorların bu ölkələrə cəlb olunmasını, ticari potensialın artması üçün logistika sahəsinin təkmilləşməsinə dəstək olacaqlarını qeyd etdi. S. Mustafayeva 2024-cü ildə Azərbaycanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin 29-cu Konfransına ev sahibliyi edəcək ölkə kimi tanıtmaq, eləcə də Caspian Energy Clubun fəaliyyət göstərdiyi bütün ölkələrdə COP29 mövzularına marağı artırmaq məqsədilə Caspian Energy Clubun mütəmadi olaraq yaşıl enerjinin transformasiyası məsələlərinin həllinə dair enerji mövzularında Caspian Energy MettUplar keçirəcəklərini də qeyd etdi.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Caspian Energy Club-un Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyevdir. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”un beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. Caspian Energy Club İnternationalın İdarəedici Direktoru Günel Quliyevadır. 5 il ərzində “Caspian Energy Club” International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
Fuad Mədətov
Fins.az