Fevralın 23-də Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin iclası keçirilib. İclasda 2023-cü ildə görülən işlər üzrə hesabatın dinlənilməsinə və 2024-cü il üçün fəaliyyət planının müzakirəsinə həsr olunub.
ASK-dan Fins.az-a verilən məlumata görə, iclası açıq elan edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında yeni dövrün başladığını bildirib. Bununla əlaqədar olaraq, Konfederasiyanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün bütün komandanın daha səylə çalışmasının vacibliyini vurğulayıb.
İclasda 2023-cü ildə Konfederasiyanın dövlət-özəl dialoqu platformasında həyata keçirdiyi tədbirlər, sahibkarların qanuni maraqlarının müdafiəsi üçün atılan addımlar, eləcə də iqtisadi blokda qanunvericilik aktlarına verilən təkliflər, həyata keçirilən maarifləndirici tədbirlər, təlimlər haqqında məlumat verilib, sahibkarlardan daxil olan müraciətlərin əsas istiqamətlərini qeyd edilib.
Konfederasiyanın “2024-cü il üçün Fəaliyyət Planı” üzrə qarşıya qoyulan məqsədlər, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının təsisçiliyi ilə Arbitraj Mərkəzinin yaradılması təklifi haqqında fikir mübadiləsi aparılıb, gündəlikdə olan digər məsələlərlə bağlı suallar cavablandırılıb.
Rəyasət Heyəti hesabatı məqbul hesab edib və “2024-cü il üçün Fəaliyyət Planı”, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyasının Arbitraj Mərkəzinin yaradılması ilə bağlı təklifi qəbul edib.
Fuad Mədətov
Fins.az