BİZNES

23 Fevral

“Aztelekom”un aktivləri, öhdəlikləri və balans kapitalı artıb - MALİYYƏ HESABATI

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC 2022-ci ili 26,101 milyon manat xalis zərərlə başa vurub.

Fins.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,25 dəfə çoxdur.

Son nəticədə şirkətin 14,2 milyon manat bölüşdürülməmiş mənfəəti 11,901 milyon manat yığılmış zərərlə əvəzlənib.

2022-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəlirləri 106,972 milyon manat (2021-ci illə müqayisədə 8,2 % çox), xidmətlərinin maya dəyəri 82,639 milyon manat (15,8 % çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 47,551 milyon mant (33,2 % çox), maliyyə aktivlərinin dəyərsizləşməsindən gəlirləri 1,784 milyon manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 1,982 milyon manat (20 dəfə çox), sair qeyri-əməliyyat gəlirləri 3,593 milyon manat (6,7 % çox), mənfəət vergisi ödəmələri isə 6,278 milyon manat (30,5 % çox) təşkil edib.

2023-cü il yanvarın 1-nə “Aztelekom”in aktivləri 270,852 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 73,7 % artaraq 77,286 milyon manata, balans kapitalı isə 3 % artaraq 193,566 milyon manata çatıb.

Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.

Fuad Mədətov
Fins.az