BİZNES

22 Fevral

Azərbaycan Latviyaya ixrac missiyası təşkil etməyi planlaşdırır

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Latviyaya ixrac missiyası təşkil etməyi planlaşdırır.

AZPROMO-dan Fins.az-a verilən məlumata görə, bu barədə müzakirələr Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmitsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri, "Made in Azerbaijan" brendi, logistikanın subsidiyalaşdırılması barədə məlumat verib. O, bildirib ki, yerli ixracatçıların Latviya bazarına çıxış imkanlarının araşdırılması və genişləndirilməsi, o cümlədən ölkəmizin məhsullarının təqdim edilməsi məqsədilə Latviyaya ixrac missiyasının təşkil olunması planlaşdırılıb. Bununla yanaşı, Latviyanın ənənəvi qida məhsullarının ölkəmizin bazarına girişini təmin etmək üçün latviyalı sahibkarlar bu ilin may ayında keçiriləcək “InterFood Azerbaijan” sərgisində iştirak etməyə dəvət olunublar.

N.Şmits Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarına Latviyada əhəmiyyətli tələbin olduğunu qeyd edib, idxalçılar və ixracatçılar arasında əlaqələndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. Nazir müavini əlavə edib ki, qida məhsullarının təhlükəsizliyi, baytarlıq, fitosanitar nəzarəti kimi sahələrdə əməkdaşlığın intensivləşdirilməsi yerli şirkətlərin Latviyaya ixracını stimullaşdıracaq. Bu kontekstdə hər iki ölkədə fəaliyyət göstərən sahibkarların əlaqələndirilməsi çərçivəsində tərəflər arasında potensial ixrac və idxal oluna biləcək məhsullar üzrə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Fuad Mədətov
Fins.az