Bir qayda olaraq, ölkələrin iqtisadi siyasətinin məqsədləri sırasında büdcənin maliyyə resursları ilə təmin edilməsi, sosial rihafın gücləndirilməsi və gəlir səviyyəsində qeyri-bərabərliyin aradan qaldırılması üçün ədalətli şərtlərin yaradılması mühüm yer tutur. Vergi daxilolmaları bu kontekstdə iqtisadi tənzimləmədə mühüm rola malik olur. İqtisadi sistemlərdə vergilərin fiskal, tənzimləyici və nəzarət funksiyaları fərqləndirilir. Bəzən isə fiskal və tənzimləyici, o cümlədən nəzarət və həvəsləndirmə funksiyalarının dövlətin vergitutma prosesinin idarə edilməsi sistemində əsas yerə malik olduğu bildirilir. Vergi anlayışının özünün dərin iqtisadi mahiyyətinə əsaslansaq, o, bütün tarixi mərhələlərdə vahid fiskal funksiyaya malik olması ilə səciyyələnib. İqtisadi nəzəriyyələrə görə, vergi növlərinin əsas ictimai məqsədi dövlət büdcəsini öz funksiyalarını yerinə yetirmək üçün lazım olan maliyyə resursları ilə təmin etməkdir.
Tənzimləmə funksiyası da vergi sistemində dolğun şəkildə öz təsdiqini tapır. Burada müəyyən prioritet sektorlar, müəyyən fəaliyyət növləri üzrə əlverişli vergi mexanizmləri, vergi güzəştləri, müəyyən üstünlüklər və imtiyazların verilməsi nəzərdə tutulur. Bu funksiya dövlətin sosial hədəflərini reallaşdırmağa imkan verir.
Nəzarət funksiyası isə biznesin fəaliyyətini leqallaşdırmağa yönəlmiş fəaliyyətlərin məcmusudur. Vergi ödənişlərinin vaxtında və dürüst yerinə yetirilməsinə nəzarət əslində biznesin uçot məlumatlarının dürüstləşdirilməsinə dəlalət edir. Beləliklə, nəzarət gücləndikcə leqal biznesin əhatə dairəsi də genişlənir. Lakin nəzarət biznesin fəaliyyətinin məhdudlaşmasına deyil, ona stimul verilməsi ilə qanuni fəaliyyətə meyil etməsinə xidmət edir.
İqtisadi sistemlərdə vergilərin fiskal, tənzimləyici və nəzarət funksiyaları fərqləndirilir
Fiskal və tənzimləyici funksiyaya malik spesifik vergilər
Vergilərin təsnifatına nəzər salanda aksiz vergilərinə münasibətdə spesifik yanaşmanın olduğunu görürük. Bu, xüsusi vergi növü kimi dəyərləndirilir və onun əsas iki funksiyaya malik olduğu qeyd edilir ki, bunlar da fiskal və tənzimləyicidir. Bir tərəfdən onlar dövlət gəlirlərinin əsas mənbələrindən biridir, digər tərəfdən isə tələb və təklif arasındakı əlaqəni tənzimləmək və müəyyən malların istehlakını məhdudlaşdırmaq üsuludur. Bir qayda olaraq, "sosial təhlükəli" mallara münasibətdə bu tənzimləyici funksiya işə salınır. Aksiz vergilərinin tənzimləyici dəyəri digər dolayı vergilərdən xeyli yüksəkdir. Bu funksiya özünü bir neçə istiqamətdə göstərir. Buraya aksizli malların istehsalı və istehlakının həcminə təsir, istehsalın strukturuna təsir, istehsalın səmərəli artımını stimullaşdırmaq, istehsal olunan məhsulun keyfiyyəti, məhsulların istehlak xüsusiyyətlərinin yaxşılaşdırılması, aksizli malların istehsalının rentabelliyinin tənzimlənməsi daxildir. Keyfiyyəti aşağı olan mallara nisbətən yüksək aksiz vergisi tətbiq etməklə dövlət istehsalçını daha keyfiyyətli məhsul istehsalına keçməyə həvəsləndirir. Məsələn, Almaniyada, 2011-ci ildən isə Rusiyada aşağı oktanlı benzinə, aşağı dərəcəli siqaretlərə yüksək aksiz vergisi qoyulması təcrübəsi var. Nəticədə aksiz vergisi vasitəsilə dövlət istehsalın strukturunun dəyişməsinə deyil, istehlakın xarakterinə təsir göstərir. Bundan əlavə, sabit aksiz dərəcələri müəyyən edilməklə daha keyfiyyətli məhsulların istehsalı stimullaşdırılır. İstehsalçılar üçün məhsul vahidinə görə sabit aksiz vergisinin ödənilməsi daha bahalı məhsul istehsal etmək, onların istehlak keyfiyyətlərini, dizaynını və s. yaxşılaşdırmaq və gəlirliliyini artırmaq üçün stimul hesab edilir. Son istehlakçı üçün sabit tariflərin müəyyən edilməsi daha keyfiyyətli, daha bahalı məhsulların qiymətinin bir qədər aşağı salınması deməkdir və buna görə də onların istehlak imkanlarını artırır.
Keyfiyyəti aşağı olan mallara nisbətən yüksək aksiz vergisi tətbiq etməklə
dövlət istehsalçını daha keyfiyyətli məhsul istehsalına keçməyə həvəsləndirir
Yerli təcrübə qlobal trendlərə uyğunlaşdırılır
Ölkəmizdə reallaşdırılan iqtisadi siyasət çərçivəsində, Ümumdünya Səhiyyə Təşkilatının çağırışlarına uyğun olaraq, aksiz dərəcələri mərhələli şəkildə artırılır. Beynəlxalq təcrübədə aksiz vergisinin bir qisminin əhalinin sağlamlığının qorunmasına, sosial inkişaf məqsədlərinə, maarifləndirici layihələrə və təşəbbüslərə yönəldilməsi mövcuddur. Ölkəmizdə də bu vergi dərəcəsində artım eyni məqsədə xidmət edir. Bununla yanaşı, aksiz dərəcələrinin artırılmasının sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır. Bundan əlavə, yerli təcrübədə spirtli içkilərin və tütünün daxili bazara deyil, ixraca yönəlməsinə üstünlük verilir. Bunun üçün ixrac potensialının artırılmasını təmin edən stimullaşdırıcı addımlar atılır. Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması çərçivəsində qeyri-neft sektorunun inkişafı prioritetdir. Emal müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsində bölgələrin aqrar-sənaye potensialının artırılması ön plana çıxır. Bu isə regionlarda yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğun artırılması və iqtisadi aktivliyin təmin edilməsi üçün əlverişli imkanlar deməkdir.
Gülay NƏBİYEVA
© vergiler.az