BİZNES

20 Fevral

“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində görülmüş işlərin yekun monitorinq və qiymətləndirməsinə dair ümumi hesabatı “İnnovasiya” İşçi qrupunda videokonfrans formatında müzakirə olunub.

Fins.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən İşçi qrupun sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov 2023-cü ildə Strategiyada qeyd olunan məqsədlərin icrası sahəsində görülmüş işlər barədə danışıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov hesabatı iclas iştirakçılarına təqdim edərək, hədəf indikatorlar üzrə görülmüş işlər, çətinliklər və tövsiyələr barədə ətraflı məlumat verib.

Daha sonra İşçi qrupun üzvləri hesabat üzrə müzakirələr aparıb, rəy və təkliflərini diqqətə çatdırıblar.

“İnnovasiya” İşçi qrupunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri təmsil olunurlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “İnnovasiya” İşçi qrupu da bu çərçivədə “Yaradıcı və innovativ cəmiyyət” məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

Günel Məlikzadə
Fins.az