BİZNES

15 Fevral

“İqtisadi artım” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində 2023-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair ümumi hesabatın “İqtisadi artım” İşçi qrupunda müzakirəsi keçirilib.

Fins.az xəbər verir ki, işçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Rəşad Hüseynov hesabatı təqdim edib, əsas hədəf indikatorları üzrə görülmüş işlər, çağırışlar və tövsiyələr, eyni zamanda gələcək planlar barədə ətraflı məlumat verib.

Hesabatın təqdimatından sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.

“İqtisadi artım” İşçi qrupunda İqtisadiyyat Nazirliyi və İİTKM ilə yanaşı, Maliyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, həmçinin Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, AMEA, “Təmiz şəhər” ASC, Dövlət Neft Şirkəti və “Azərbaycan Hava Yolları” QSC-nin müvafiq şöbə və bölmələrinin rəhbər şəxsləri təmsil olunurlar.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “İqtisadi artım” İşçi qrupu da bu çərçivədə “Davamlı və yüksək iqtisadi artım” və “Paytaxt və regionların tarazlı inkişafı” məqsədlərinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

Fuad Mədətov
Fins.az