Son 5 ildə aktiv vergi ödəyiciləri və aktiv obyektlərin artımı davam edib. Vergi islahatlarının başlandığı 1 yanvar 2019-cu ildən bəri təkcə aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım müşahidə olunub.
Bu barədə “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” Forumundakı çıxışında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli məlumat verib.
DVX rəisi bildirib ki, qarşıdakı dövrdə vergi inzibatçılığında yeni çağırışlara uyğun olaraq rəqəmsal platformaların təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək: “Burada əsas xətt vergi qanunvericiliyindəki dəyişiklikləri qəbul edə bilən yeni administrativ xidmətlər yaratmaq, rəqəmsallaşma səviyyəsinin dərinləşdirilməsinə nail olmaqdır”.
O.Nəzərlinin sözlərinə görə, Dövlət Vergi Xidməti vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılması üzərində də işləyir. Vergi inzibatçılığının rəqəmsallaşma hesabına sadələşdirilməsi, vergi məlumatlarının əlçatanlığının və keyfiyyətinin artırılması nəticəsində biznesin vergi əməletməsinə sərf etdiyi vaxtın azaldılması və süni intellekt modulları əsasında informasiya sistemlərinin qurulması imkanları əsas hədəf istiqamətlərindən olacaq.