BİZNES

09 Fevral

“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti qanvermə aksiyası təşkil edilib.

İrsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə təşkil edilən aksiyada “AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü olaraq iştirak edərək, qan veriblər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən əvvəlcə hər bir donorun sağlamlığı müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, ötən illərdə də “AzerGold” QSC və törəmə şirkətləri tərəfindən könüllü qanvermə aksiyaları təşkil edilib. Ənənəvi olaraq hər il keçirilən bu nəcib aksiyalar ilə QSC və onun törəmə şirkətlərinin əməkdaşları müxtəlif qan xəstəlikləri olan insanların müalicəsinə öz dəstəklərini göstərməyə davam edirlər.